Şəmistan Sadıxovun şəhidliyinin ildönümü qeyd edilib
2022-ci il 13-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən igidlik göstərən Vətən oğullarından biri də Dövlət Sərhəd Xidmətinin baş çavuşu şəhid Şəmistan Sadıxovdur.
Şəmistan Sadıxov Lerik rayonunun Əvilə kəndində dünyaya göz açıb. Uşaqlıqdan hərbiçi olmağı arzulayıb. 2013-cü ildə Əfqanıstanda beynəlxalq sülhməramlı kontingentdə Azərbaycan Silahlı Qüvvələrinin heyətində xidmət keçib. 2016-cı il Aprel döyüşlərinin və 2020-ci il Vətən müharibəsinin iştirakçısı olub. 2022-ci il Sentyabr döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə, “Vətən uğurunda” medalına layiq görülüb.
Şəhidin il mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri Şəmistan Sadıxovun məzarını ziyarət edib, əziz xatirəsinə dərin ehtiramını bildiriblər.
İcra başçısı şəhidin ailəsinin yaşadığı evə gələrək qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, xalqımıza razılığını bildirən Əbdülağa Sadıxov deyib ki, oğlumun şəhidliyi Vətənimə, millətimə baş ucalığı gətirdi. Bir ata olaraq mən bununla qürur duyuram...
Zəfər Orucoğlu