Yeni sənət mövsümünə başlayan teatrlar sentyabrın 15-dən etibarən bir-bir pərdələrini acacaq.

İlk olaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı və Azərbaycan Dövlət Kukla Teatrı tamaşaçılarını salamlayacaq.

Milli Dram Teatrı, ötən illərdə olduğu kimi, yenə mövsümü Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açır.

Musiqili Teatrın isə sentyabrın 15-də ötən mövsümün sonlarında ərsəyə gələn səhnə işi – Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın 150 illik yubileyinə həsr olunan "Sən elə bir zirvəsən!.." tamaşasını təqdim edəcək.

Azərbaycan Dövlət Kukla Teatrında yeni tədris ilinin ilk günü Sevinc Nuruqızının “Melisa” nağıl-povesti əsasında hazırlanan eyniadlı tamaşanın (səhnələşdirmə və quruluş müəllifi Saida Haqverdiyeva) premyerası olacaq. Tamaşaçıları “Oyuq” teatr-studiyasının 10 illiyinə həsr olunmuş konsert proqramı da gözləyir.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı yeni, 103-cü mövsümü 16 sentyabrda açacaq. Son illərin ənənəsinə sadiq qalaraq yaradıcı kollektiv mövsümün ilk tamaşası kimi M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını oynayacaq.

Sentyabrın 16-da Şuşa Dövlət Musiqili Dram Teatrı da Bakıdakı binasında pərdələri açacaq. Mövsümün ilk nümayişi gənc yazar Jalə Novruzun “Molla Nəsrəddini tapın” tamaşasının premyerası olacaq. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Əsas rolları Əməkdar artist Teymur Məmmədov və Xalq artisti Şükufə Musayeva ifa edirlər.