18 sentyabr adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 138-ci ildönümüdür. Bu gün həm də böyük musiqi xadiminin şərəfinə ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.
Əlamətdar gün Üzeyir bəyin 110 illiyi münasibətilə Prezident Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilib. Bunun bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır.
2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı da keçirilir. Bu il adıçəkilən mötəbər musiqi şöləni artıq 15-ci dəfə gerçəkləşir.
Üzeyir Hacıbəyli biri-birindən qiymətli musiqi əsərləri, opera, balet, operetta, kantata, himn və digər nümunələrlə Azərbaycan professional musiqisinin əsasını qoymuş, bu gün də davam özünün sənət məktəbini yaratmışdır. Eyni zamanda bəstəkar Azərbaycan musiqişünaslığının təməlini qoymuş və bu sahənin inkişafına böyük təsir göstərmişdir. Ü.Hacıbəylinin məqalə, məruzə və çıxışlarında toxunduğu mövzular sonradan hər biri ayrıca bir sahəyə, elmi araşdırma obyektinə çevrilmişdir. Onun musiqişünaslıqda böyük əhəmiyyətə malik bir sıra məqalələri vardır ki, hər zaman gündəmdə olmuş və musiqişünaslar, tədqiqatçılar tərəfindən yazılmış elmi əsərlərdə istinad edilmişdir. “Azərbaycan musiqi həyatına bir nəzər”, “Vəzifəyi-musiqiyyəmizə aid məsələlər”, “Azərbaycanda musiqi təhsili”, “Musiqidə xəlqilik” və s. məqalələrinin adlarını çəkmək olar. Lakin onun elmi yaradıcılığında mərkəzi yeri 20 il ərzində ərsəyə gətirdiyi “Azərbaycan xalq musiqisinin əsasları” kitabı tutur.
Bu kitab Azərbaycan musiqi tarixinə ilk elmi-nəzəri əsər kimi daxil olmuşdur. Ü.Hacıbəyliyə qədər belə bir fundamental əsər yazılmamışdır. Üzeyir bəy bütün yaradıcılığı boyu bu sahədə tədqiqatlar aparmış, Azərbaycan xalq musiqisində mövcud olan bütün janrların musiqi dilini təhlil etmiş və bunun nəticəsində 1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları” adlı fundamental elmi əsəri işıq üzü görmüşdür. Bu əsərlə Ü.Hacıbəyli XX əsrdə Azərbaycan musiqi elminin təməlini qoymuşdur. Əsərin Azərbaycan musiqi elminin inkişafında çox əhəmiyyətli rolu olmuşdur. Elmi-nəzəri əsər o qədər unikaldır ki, bu günədək istənilən musiqi sahəsində tədqiqat işi aparan hər kəs mütləq şəkildə bu qiymətli mənbəyə müraciət edir.
Bu kitabı yazarkən, müəllifin də qeyd etdiyi kimi, bu sahədə heç bir tədqiqat işi yox idi. Lakin o, Orta əsr musiqişünas alimlərinin musiqi risalələrindən bəhrələndiyini qeyd etmişdir. Elə kitabın “Tarixi məlumat” hissəsində müəllif Orta əsr Azərbaycan alimlərinin – Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Mir Möhsün Nəvvab Qarabağinin (XIX-XX əsrlər) adlarını çəkmişdir. Eləcə də burada müəllif Şərqdə Orta əsrlərdə 12 klassik muğam və 6 avazın olduğunu göstərmişdir.
Üzeyir bəy xalq musiqi nümunələrini – xalq mahnıları, xalq rəqsləri, muğamlar və s. hərtərəfli və dərindən araşdırmış və xalq musiqisinin əsaslandığı lad nəzəriyyəsini, səs sırasını müəyyənləşdirmişdir. Dahi bəstəkarın uzunmüddətli apardığı araşdırmanın nəticəsində Azərbaycan ladlarını əsas və əlavə ladlara ayıraraq sistemləşdirmişdir. Musiqişünaslıq elmində yeni bir mərhələ açan bu tədqiqat nəticəsində Azərbaycan xalq musiqisində “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun” kimi əsas ladların olduğu məlum olmuşdur. Bundan əlavə, Ü.Hacıbəyli 70-dən çox əlavə ladın mövcudluğunu qeyd etmiş, lakin kitabda onlardan üçünün – ikinci növ “Çahargah”, “Şahnaz” və “Sarənc”in adlarını çəkmişdir. Əsərdə əsas və əlavə ladların səs sıraları, qurulma qaydaları, tetraxordlar, birləşmə üsulları, Azərbaycan ladlarında musiqi bəstələməyin qaydaları göstərilmişdir.
Müəllif ladlar üzərində araşdırma apararkən xalq musiqisi yaradıcılığının janrları arasında, xüsusən muğama əsaslanmasını dəfələrlə müxtəlif məqalələrində qeyd etmişdir. Ü.Hacıbəyli “Musiqidə xəlqilik” məqaləsində yazır: “Azərbaycan musiqisini öyrəndikdə, ondan istifadə etdikdə, muğam sisteminə, Azərbaycan musiqisində olan və çox böyük rol oynayan canlı muğamlara xüsusi diqqət verilməlidir”.
Alim məhz muğamlara əsaslanaraq ladların, səs sıralarını, mayələrini, hər bir məqamın istinad pillələrini, pillələrin alterasiyalarını, adlarını təyin etmişdir.
Elmi-nəzəri tədqiqat “İlk söz”, “Giriş”, “Tarixi məlumat”, iki böyük hissə – “Əsas cəhətlər” və “Xalq üslubunda Azərbaycan ladlarında musiqi bəstələmək qaydaları” və “Əlavə”dən ibarətdir.
Qeyd etdiyimiz kimi, müəllif “Azərbaycan xalq musiqisinin əsasları” kitabı üzərində 20 il işləmişdir. Məlum səbəblərdən əsər ilk dəfə Bakıda 1945-ci ildə rus dilində işıq üzü görmüşdür. Elmi əsər bu günədək dəfələrlə çap olunmuşdur: 1957, 1962, 1965-ci illərdə Azərbaycan dilində, 1985-ci ildə Azərbaycan, rus və ingilis dillərində, 2010-cu ildə isə ilk dəfə latın qrafikası ilə işıq üzü görmüşdür.
Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bir fənn kimi proqrama salınan “Azərbaycan xalq musiqisinin əsasları”nı Üzeyir bəyin özü tədris etmiş, öz yaradıcılığında tətbiq etdiyi milli ladlardan istifadə qaydalarını yeni nəsil bəstəkarlara, musiqişünaslara öyrətməyə başlamışdır.
“Azərbaycan xalq musiqisinin əsasları” kitabında milli lad sistemində necə musiqi bəstələmək kimi böyük bir hissəni əks etdirməsi təsadüfi deyil. Üzeyir bəy yetişən musiqiçi nəslinə Azərbaycan musiqisini öyrətməklə yanaşı, milli məqamlarda melodiya bəstələməyin əhəmiyyətli olduğunu göstərirdi.
Bu gün qürurla dinlədiyimiz, hər sətrində milli intonasiyaları hiss etdiyimiz Azərbaycan klassik musiqi nümunələrinin yaranması və bu əsərlərdə olan milli ladlardan istifadə məhz Ü.Hacıbəylinin əvəzsiz əməyinin nəticəsidir. Hər zaman milli musiqimizə xüsusi diqqət yetirən Üzeyir bəy bu milliliyi yaratdığı əsərlərdə ustalıqla əks etdirmişdir. Təsadüfi deyil ki, onun müəllifi olduğu bir çox musiqi nümunələrini, bəzən sitat kimi verdiyi xalq musiqisindən seçmək çətindir.
Onun bəstəkarlıqda açdığı bu yolu yetişən bəstəkar nəsli layiqli şəkildə davam etdirmişdir. A.Zeynallı, Q.Qarayev, F.Əmirov, Niyazi, C.Hacıyev, S.Hacıbəyov, C.Cahangirov, S.Ələsgərov, S.Rüstəmov və başqaları Üzeyir bəyin tədris etdiyi “Azərbaycan xalq musiqisinin əsasları” fənni və milli musiqimizdən bəhrələnərək ən müxtəlif janrları əhatə edən diqqətəlayiq əsərlər yaratmışlar. Bu janrlar arasında istər səhnə, simfonik, xor üçün yazılmış, istərsə də mahnı, romans kimi nümunələr öz əksini tapmışdır.
Bu günədək Üzeyir bəyin adını daşıyan Bakı Musiqi Akademiyasında tədris edilən “Azərbaycan xalq musiqisinin əsasları” fənni öz vacib əhəmiyyətini saxlamışdır. Belə ki, fənn musiqişünas və bəstəkarlıqda təhsil alan tələbələrlə yanaşı, dirijorluq, ifaçılıq kimi ixtisaslara da tədris olunur. Üzeyir bəy özü bu haqda deyirdi: “Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara bir yaradıcılıq köməyidir”.
Əlbəttə, hər bir tələbənin milli musiqimizin əsasını təşkil edən lad-məqamlarımızı öyrənməklə yanaşı, onlara əsaslanan melodiya bəstələmək bacarığının olması diqqətəlayiq məsələdir. Uzun illər ərzində üzərində çox böyük əmək sərf olunan bəhs etdiyimiz bu elmi-nəzəri əsər milli musiqişünaslığımızın ən əhəmiyyətli tədqiqatıdır desək yanılmarıq.
Qeyd edək ki, məqalənin hazırlanmasında Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” (1985), “Seçilmiş əsərləri” (1985) kitablarından və “http://uzeyirbook.musigi-dunya.az” internet resursundan yararlanmışıq.
Nurtəkin Səfərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi işçisi