Sumqayıt şəhər Poeziya evində tanınmış yazıçı-publisist Yunus Oğuzun “Cığır” tarixi romanının təkrar nəşrinin təqdimatı və Milli Qəhrəman, general-mayor Polad Həşimovun ailə üzvləri ilə görüş keçirilib.
Poeziya evinin direktoru İbrahim İlyaslı roman haqqında məlumat verib. Qeyd edib ki, tarixi roman Şuşa şəhərinin salınmasının 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunub.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova, Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin və başqaları əsər haqqında fikirlərini bölüşüblər. Müəllifin əsərlərində vətənpərvərlik mövzusunun aparıcı xətlərdən biri olduğu vurğulanıb, romanda general-mayor Polad Həşimovun obrazının yaradılmasının bu baxımdan əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda Yunus Oğuz iştirakçıların suallarını cavablandırıb, onlara “Cığır” romanını və yeni nəşr olunmuş “Mən Şuşada yazıram” kitabını hədiyyə edib.
Nurəddin