Cəlilabad rayonunun Əsədli kəndində şəhid gizir Səid Həsənovun anım günündə ev-muzeyinin açılışı olub. Çıxışlarda qəhrəman övladlar böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür edilib, cəmiyyətimizin hər zaman şəhidlərin ailə üzvlərinin yanında olacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş Səid Həsənov ötən ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə yüksəlib.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən Vətən müharibəsinin şəhid çavuşu Orxan Mirzəyevin anım gününə həsr olunmuş “Vətən fədailəri unudulmur” adlı tədbir keçirilib. Qeyd olunub ki, Orxan Mirzəyev 1993-cü il sentyabrın 15-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Vətən müharibəsində Füzuli və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Xidmət şöbəsində Vətən müharibəsi şəhidləri Rəşad Ələkbərov və Rəşad Məmmədovun ailələri ilə görüş təşkil edilib. Çıxışlarda Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, şəhidlərlə bağlı xatirələrdən söz açılıb. Daha sonra şəhidlərə həsr olunmuş videoçarx nümayiş olunub.

N.Məmmədli