Sentyabrın 25-26-da Dövlət Turizm Agentliyi tərəfindən KİV nümayəndələrinin “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna tur təşkil olunub.

Mediaturun məqsədi bu ilin 18 sentyabr tarixində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı ilə media mənsublarını tanış etmək, bu ərazinin dünya irsi elan edilməsinin üstünlükləri və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.

Mediatur zamanı jurnalistlərə dövlət başçısının 4 sentyabr tarixli sərəncamı ilə yaradılmış qoruqda həyata keçiriləcək layihələr, Qubanın Xınalıq kəndi ərazisində aparılan təmir və bərpa işləri barədə məlumat verilib.

Tur çərçivəsində artıq Xınalıq və Köç yolu ərazisinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mədəni irsi hesab olunduğu, bu ərazinin UNESCO-nun Dünya İrs Siyahısına salınmasının Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına kömək olacağı, həmçinin dünyanın mədəni turizm sahəsində ölkəmizin mövqeyinin güclənməsinə xidmət göstərəcəyi qeyd edilib. Bu mühüm hadisənin öz növbəsində ərazinin turizm potensialının reallaşdırılmasına yardım edəcəyi, köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluğun inkişafına vəsilə olacaq.

Qeyd olunub ki, UNESCO-nun qərarı Xınalıq sakinlərinin köçəri mədəniyyətinin tanıdılmasına, o cümlədən Köç yolu üzərindəki əsrlərlə yaşı olan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasına mühüm töhfə verəcək.

Bildirilib ki, “Xınalıq və Köç yolu” qoruğunun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi turizm məhsullarını əhatə edən turizm sənayesinin inkişafına təkan olacaq.