Sentyabrın 26-da Abdulla Şaiqin Mənzil-Muzeyində Anım Gününə həsr olunmuş “Vətən müharibəsi xatirələrdə” adlı tədbir keçirilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Ülkər Talıbzadə qeyd edib ki, Anım Günü həm çox hüznlü, həm də fəxr ediləsi bir gündür: “Hüznlü gündür, ona görə ki, bu gün biz şəhidləri anırıq. Fəxr edirik, ona görə ki, şəhidlərin qanı yerdə qalmadı, torpaqlarımız düşmən tapdağından azad olundu”.
Jurnalistlər Zərəngiz Dəmirçi Qayalı və Tamilla Məmmədzadə çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirin bədii hissəsində muzeyin nəzdində fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri şəhid qəhrəmanlara həsr edilmiş şeirlər söyləyiblər.
Sonda 44 günlük Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.