Xəbər verdiyimiz kimi, ölkəmiz Polşanın Bıdqoşç (Bydgoszcz) şəhərində keçirilən musiqi festivalında təmsil olunub. Festival çərçivəsində ölkəmizin Polşadakı səfirliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan musiqisi gecəsi təşkil edilib.
Gecənin açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və konsertin təşkil olunduğu Pomeraniya Filarmoniyası direktorunun müavini Tsezari Nelkovski çıxış ediblər.
N.Qurbanova cari ilin Azərbaycan mədəniyyəti üçün bir sıra yubileylərlə əlamətdar olduğunu, o cümlədən Azərbaycan peşəkar milli teatrının yaranmasının 150, Azərbaycanda kinematoqrafiyanın 125, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 115 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Diplomat Azərbaycanın musiqi məbədi olan Şuşa şəhəri barədə də tamaşaçılara məlumat verib. Qeyd edib ki, Azərbaycanın bir çox tanınmış musiqiçiləri – xanəndələr, instrumental ifaçılar, bəstəkarlar “Şərqin konservatoriyası” hesab olunan və 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olan Şuşa şəhərindəndir. Şuşa həm də müsəlman Şərqində ilk operanın müəllifi olan Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin vətənidir.
N.Qurbanova Bıdqoşç musiqi festivalı tarixində ilk dəfə azərbaycanlı musiqiçilərin iştirakını böyük məmnuniyyət hissi ilə qeyd edib, proqramda səsləndiriləcək muğamlar, milli muğam məktəbləri barədə məlumat verib. Azərbaycan muğam sənətinin UNESCO-nun müvafiq siyahısına daxil edildiyini deyib.
Pomeraniya Filarmoniyasının direktorunun müavini T.Nelkovski 1 oktyabr – Beynəlxalq Musiqi Günündə Azərbaycan musiqi gecəsinin təşkilindən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında tarixən mövcud olmuş mədəni əlaqələrə diqqəti çəkən T.Nelkovski Azərbaycanda memarlığın inkişafına polyak memarların töhfəsindən bəhs edib.
Sonra gənc ifaçılar xanəndələr Nisbət Sədrayeva və Hüseyn Məlikov tanınmış musiqiçilər Rövşən Qurbanov, Toğrul Əsədullayev, Vüsal Bayramov və Rafael İsgəndərovun müşayiəti ilə muğamlarımızdan nümunələr, xalq mahnıları və görkəmli bəstəkarlarımızın əsərlərindən parçalar ifa ediblər.
Konsert polşalı musiqisevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Tədbir yerli televiziya tərəfindən işıqlandırılıb.
Altı yüzdən artıq tamaşaçının iştirak etdiyi konsert proqramının sonunda qonaqlara Azərbaycan mətbəxindən təamlar təqdim olunub.
Qeyd edək ki, Bıdqoşç şəhərində 1963-cü ildən etibarən təşkil olunan musiqi festivalına Pomeraniya Filarmoniyası ev sahibliyi edir. Polşanın mədəni həyatında mühüm hadisə hesab olunan festival bu il 15 sentyabr – 6 oktyabr tarixlərində keçirilir.