Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Məhəbbət Paşayevin ailəsi ziyarət edilib.

Məhəbbət Paşayev 1999-cu il avqustun 5-də Şəki rayonunun Bolludərə kəndində anadan olub. 2006-cı ildə ailəsi ilə birlikdə Oğuz şəhərinə köçüb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtərin Suqovuşan kəndi uğrunda döyüşlərdə iştirak edib və şəhidlik zirvəsində ucalıb. Oğuz şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

Gəncə-Daşkəsən RMİ, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun (DTMQ) birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş Gəncə DTMQ-nin Nizami filialının bələdçisi Hikmət Məmmədovun anım günü keçirilib.

Gəncə-Daşkəsən RMİ-nin rəisi vəzifəsini icra edən Pərvin Kazımov şəhidin həyatı və döyüş yolundan söz açıb. Bildirilib ki, 1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində doğulan Hikmət Məmmədov əmək fəaliyyətinə Nizami məqbərə kompleksində başlayıb. Vətən müharibəsi başlayanda o da torpaqlarımızın azad olunması uğrunda ölüm-dirim savaşına qatılıb. Oktyabrın 2-də Murovdağ istiqamətində döyüşlərdə şəhid olub. Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Hikmət Məmmədov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Gəncə şəhər MKS Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi İsmayıl Mustafayevin ailəsi ilə görüş təşkil edilib. Əvvəlcə şəhidə həsr olunmuş videoçarx nümayiş olunub. Çıxış edənlər şəhidin döyüş yolundan, Vətən müharibəsi zamanı qəhrəman oğullarımızın rəşadətindən danışıblar. Sonda Gəncə şəhər 21 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

N.Məmmədli