Xalq artisti Tələt Qasımovun xatirə gecəsi
Görkəmli xanəndə, Xalq artisti Tələt Qasımovun (1933-2013) anadan olmasının 90 illiyi oktyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində (BMM) qeyd edilib.
Xatirə gecəsində əvvəlcə xanəndənin ifasından parçalardan ibarət videoçarx nümayiş olunub.
Filologiya elmləri doktoru Vüqar Əhməd çıxış edərək sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.
Milli Məclisin deputatı Ziyad Səmədzadə, Xalq artistləri Firuz Əliyev, Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Ramiz Quliyev və digər çıxış edənlər Tələt Qasımovun yaradıcılığından söz açıblar. Qeyd edilib ki, yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən mənimsəyib. Tələt Qasımov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov məktəbində ustad xanəndə kimi püxtələşmiş Tələt Qasımov sənətdə öz ənənələrini yaradıb.
Xatirə gecəsi xanəndənin repertuarından ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Təyyar Bayramov, Ehtiram Hüseynov, BMM-in solistləri Mirələm Mirələmov, Vəfa Vəzirova, Məmməd Nəcəfov, Almaxanım Əhmədlinin ifaları dinlənilib.