Xalqımızın qədim sənət növlərindən biri də kəndirbazlıqdır. Keçmiş zamanlarda kəndirbazlar bir qayda olaraq, el-obada tarla işləri başlamazdan əvvəl, ya da məhsul mövsümü başa çatanda öz məharətlərini göstərərmişlər. Sonralar toylarda, el şənliklərində də kəndirbaz oyunları təqdim olunmağa başlayır. İndi isə onları daha çox Novruz bayramı günlərində görmək mümkündür. Ancaq təəssüf ki, bu sənət getdikcə unudulmaqdadır...

“Mədəniyyətə könül verənlər” rubrikasında bu qədim xalq sənətimizi yaşadanlardan biri – kəndirbaz Məhəmməd Paşayevi oxucularımıza tanıdacağıq.

Məhəmməd Paşayev 1954-cü il dekabrın 11-də Ağdaş rayonunun Qəribli kəndində anadan olub. Yevlax rayonu Xaldan kənd tam orta məktəbində təhsil alıb. Babası da kəndirbaz olduğundan uşaqlıqdan bu qədim xalq sənətinə maraq göstərib. Hazırda Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Ağdaş Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Kəndirbazlar” folklor kollektivinin rəhbəridir.

Müsahibim babasının 50 ilə yaxın bu sənətdə çalışdığını deyir: “1975-ci ildən mən də kəndirbazlıq sənəti ilə məşğul olmağa başlamışam. Övladlarım da kəndirbazlığa maraq göstəriblər. 10-12 yaşlı nəvələrimə də kəndirbazlıq sənətinin sirlərini öyrədirəm”.

Məhəmməd Paşayev ölkəmizdə hərbi hissələrdə keçirilən bayram tədbirlərində övladları və nəvələri ilə mütəmadi çıxışlar edir. Qocaman kəndirbaz Türkiyə, Rusiya, Misir, Özbəkistan, Qazaxıstan və digər ölkələrdə keçirilən festivallarda iştirak edərək bu qədim sənətin təbliğinə töhfə verib. O hətta 2016-cı ildə “Yetənək sizsiniz, Türkiyə” yarışmasına da qatılıb. Yarışmada bir-birindən maraqlı çıxışlar edən kəndirbaz yarımfinal mərhələsinə qədər irəliləməyi bacarıb. Dediyinə görə, yarışmadan sonra onu müəllim kimi həmin proqrama dəvət ediblər, lakin  təklifi qəbul etməyib.

Özünü bu peşədə təsdiq etdiyini söyləyən müsahibim kəndirbazlıq nömrələrində heç bir çətinlik görmədiyini bildirir: “Qatıldığım tədbirlərdə çıxışlarım əsasən, bir saat çəkir. Kəndir üzərində 15-ə yaxın nömrəmiz var. Velosiped sürmək, nərdivana çıxmaq, stulda əyləşmək, taxta üzərində butulkalarla gəzmək, uşaqları ayaqda gəzdirmək və s. kimi nömrələrimiz maraqla qarşılanır. İşin texnikasını öyrəndikdən sonra bütün nömrələri çətinlik çəkmədən yerinə yetirmək mümkün olur. Hər bir kəndirbaz kimi mənim də sevdiyim nömrəm var. Qədim milli musiqi alətlərimiz  zurna və nağaranın müşayiəti ilə kəndir üstündə ayaq oyunu oynayıram. Bu mənim ən sevdiyim nömrədir”.

İpin qurulması haqqında məlumat verən həmsöhbətim söyləyir ki, əvvəlcə iki tərəfdə yarım metrə yaxın dərinlikdə çuxur qazılır. Həmin çuxurun hər birinə bir ağac basdırılır. Daha sonra ip hər iki tərəfdən haça dediyimiz ağaca, yaxud metal konstruksiyaya bərkidilir. Onu da deyim ki, kəndirbazların xüsusi təhlükəsizlik kəməri yoxdur. Özümüzü qorumaq üçün balans dediyimiz alətdən istifadə edirik, o da bizim tarazlığımızı saxlamağımıza kömək olur”.

Kəndirbazlıq sənəti üzrə xüsusi məktəbin olmadığını deyən M.Paşayev insanların özlərinin bu sənətə maraq göstərməli olduğunu bildirir: “Çıxış etdiyim tədbirlərdə böyüklərlə yanaşı, uşaqlar da məni maraqla izləyir. Elə tədbir olur ki, çıxışdan sonra uşaqların valideynləri mənə yaxınlaşıb övladlarına bu sənəti öyrətməyimi istəyirlər. Təbii ki, mən də sevə-sevə bu təklifi qəbul edirəm. Amma etiraf edim ki, valideynlərin çoxu bu işin çətinliklərini görüb qorxurlar və uşaqlarını kəndirbazlıq sənətində görmək istəmirlər”.

Sonda qeyd edək ki, qədim kəndirbazlıq sənətini yaşadan M.Paşayevin zəhməti qiymətləndirilib. O, 2016-cı ildə Mədəniyyət Nazirliyi tərəfindən “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülüb.

Nurəddin