Oktyabrın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Simurq” layihəsi çərçivəsində konsert təşkil olunub.

Filarmoniyadan bildirilib ki, konsertdə Cavad Tağızadənin dirijorluq etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solistlər – violin ifaçıları Evgeniya Epşteyn (İsrail-Xorvatiya), Surə Rüfət, Zeyn Cəfərov, Özcan Cabbari, Osman Mustafazadə, Kənan Məmmədzadə, Qədir Günəşov, Xədicə Gözəlova, Nəzrin Hüseynova, Aydan Hacıəhmədova, Fəridə Abbaszadə, Yulia Motorina və Renata Abubəkirova çıxış ediblər.

Proqramda rus və Avropa bəstəkarlarının əsərləri səslənib.

Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin məqsədi gənc, istedadlı musiqiçiləri önə çıxarmaq və onlara dəstək olmaqdır.

***

Oktyabrın 18-də isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkar və pianoçu Lalə Əhmədovanın “Vətənim Azərbaycandır” adlı solo konserti keçirilib.

Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin “Vio Cello” kamera orkestrinin (dirijor Firəngiz Xəlilova, bədii rəhbərlər Könül Bəkirova və Şəms Əliyeva) müşayiəti ilə solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları Səbinə Mehdiyeva (piano), Taleh Rəsulov (tenor), Ruslan Əliyev (tar), Kamran Teymurov (tar), Tural Qədirov (kamança) və Çinarə Mahmudova (vokal) öz ifalarını təqdim ediblər. Proqramda Lalə Əhmədovanın əsərləri səslənib.