Oktyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının və pedaqoji fəaliyyətinin 70 illiyinə həsr olunmuş müəllif konserti keçirilib.

İttifaqın katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Qara Qarayev məktəbinin layiqli davamçılarından olan Tofiq Bakıxanovun yaradıcılıq və pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, bəstəkarın çoxşaxəli yaradıcılığı musiqinin müxtəlif janrlarını ehtiva edir.

Konsert proqramında bəstəkarın kamera-instrumental və kamera-vokal əsərləri ifa olunub. Kamera ansamblı üçün (viola, violonçel və fortepiano) silsilə şəklində kompozisiyadan ibarət “3 trio”, “Bir könülün 18 təranəsi” vokal məcmuəsindən “Bağışla məni”, “Günah özümdədir”, “Günah etdim”, violin və fortepiano üçün “Elegiya”, “Skertso” təqdim olunub.

Əsərlər Azərbaycan Dövlət Fortepiano Triosu (Töhfə Babayeva – violin, Səbinə İbrahimova – violonçel, Elnarə Kəbirlinskaya – fortepiano), həmçinin Azərbaycan Dövlət Xor Kapellasının solisti Leyla Dadaşovanın (soprano), Nuranə Qurbanovanın (fortepiano), Lalə Muxtarovanın (violin) ifasında səsləndirilib.