Sergey Yeseninin yaradıcılığına həsr olunan tədbir

 

Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqi və poeziya: Sergey Yesenin” adlı ədəbi-bədii gecə keçirildi. Bakıda Rus Evinin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir tanınmış rus şairi S.Yeseninin (1895-1925) yaradıcılığına həsr olunmuşdu.

Aparıcı Nigar Həsənzadə şairin yaradıcılığından söz açdı. Diqqətə çatdırdı ki, S.Yesenin 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada 40-dək şeirini yerli mətbuatda dərc etdirib. Onun əsərləri dəfələrlə Azərbaycan dilinə tərcümə olunub. Azərbaycanda yazdığı “İran nəğmələri”, “Əlvida, Bakı”, “Balaxanı mayı” və digər şeirlər müəllifin Bakıya olan sevgisinin təzahürüdür.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova dedi ki, S.Yeseninin adı lirik rus şairləri arasında hörmətlə çəkilir. Onun həyatının və parlaq yaradıcılığının ən məhsuldar dövrü Bakı ilə bağlıdır. Şair həmin illərdə görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun musiqi məclislərində yaxından iştirak edib, Azərbaycan musiqisini çox bəyənib. O, bundan təsirlənərək Bakı ilə bağlı əsərlər qələmə alıb. Bəstəkarlar tərəfindən şairin bir çox əsərlərinə musiqilər yazılıb.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə Mərdəkanda şairin ev-muzeyinin açılmasından danışdı. Diqqətə çatdırdı ki, muzeydə qorunan eksponatlar onun əsasən Moskva, Sankt-Peterburq və Bakıda yaşadığı dövrləri əhatə edir.

Rusiyanın ölkəmizdəki səfirinin I katibi Pavel Kuznetsov tədbirin təşkilatçılarına minnətdarlıq etdi, S.Yeseninin parlaq yaradıcılığının Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsində xüsusi yeri olduğunu dedi.

Çıxışlardan sonra bədii hissəyə keçildi. Əməkdar mədəniyyət işçisi Rafiq Qoşayev, Bakı Musiqi Akademiyasının vokalçısı və konsertmeysteri Yelena Yakubovskaya,  Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın ifasında şairin sözlərinə yazılmış mahnı və romanslar, Azərbaycan Milli Konservatoriyasının “Buta” kvartetinin ifasında Azərbaycan muğamı və xalq mahnıları, “Günay” uşaq teatrı tərəfindən isə səhnəciklər təqdim edildi.

Çıxışlar S.Yeseninin həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu.

Savalan Fərəcov