Oktyabrın 25-i dünya şöhrətli müğənni, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin vəfatının 15-ci ildönümüdür. Əfsanəvi musiqiçinin bu gün də müxtəlif ölkələrdə, o cümlədən Rusiyada milyonlarla pərəstişkarı var və xatirəsi hər il konsert proqramları ilə yad edilir.

Oktyabrın 21-də Həştərxan Dövlət Opera və Balet Teatrının kiçik zalında “Günəşdən sərxoş. M.Maqomayevin xatirəsinə” adlı konsert keçirilib.

Tamaşaçılar Müslüm Maqomayevin repertuarından unudulmaz hitləri dinləyiblər. Onların arasında 1979-cu ildə “Azərbaycanfilm”də lentə alınan və Maqomayev üçün təkcə aktyorluq deyil, həm də bəstəkarlıq debütünə çevrilmiş “Yarımçıq qalmış serenada” filmindən (ssenari müəllifi və rejissor Maqsud İbrahimbəyov) Robert Rojdestvenskinin şeirinə yazılmış “Əgər dünyada məhəbbət varsa” mahnısı da yer alıb.

Bundan başqa, məşhur ifaçının səsi sayəsində ölməzlik qazanan bir sıra kompozisiyalar, o cümlədən Müslüm Maqomayevin dostu Gennadi Kozlovskinin şözlərinə yazdığı məşhur “Mavi əbədiyyət” mahnısı ifa olunub.

Proqramın müəllifi və aparıcısı Həştərxan Opera və Balet Teatrının rejissoru Yuliya Skriçenkova son bir neçə ildə Maqomayevin həyat və yaradıcılığına həsr olunmuş beş konsert keçirdiklərini diqqətə çatdırıb. Teatrın solistləri və Yuri Elperinin rəhbərliyi altında instrumental ansamblın iştirak etdiyi bütün konsertlər anşlaqla keçib: “Çünki insanlar Müslüm Maqomayevin yaradıcılığını bilir, onu xatırlayır və sevirlər. Müslüm Maqomayev ifaçılıqla yanaşı, dünya opera və estrada ulduzlarının həyat və yaradıcılığı haqqında bir çox televiziya verilişlərinin müəllifi və aparıcısı olub. Gözəl rəsm əsərləri yaradıb. Tamaşalara və filmlərə musiqi bəstələyib. Ömrü boyu heç bir piara müraciət etmədən milyonların sevgisini cəlb edib. O, sadəcə, insanlarla istedadını, səsini, sənətkarlığını bölüşürdü. Tamaşaçılar ona aşiq olurdular və bu əbədi idi... Əlbəttə ki, onun mahnılar dünyası həmişə bizimlə yaşayacaq”.