Gəncə Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyə və Gürcüstanda qastrol səfərində olub.
Kollektiv 11-15 oktyabrda Avrasiya Teatrlar Birliyi (ATB) tərəfindən təşkil edilən V Maltepe Beynəlxalq Teatr Festivalı (İstanbul) və 16-18 oktyabr tarixlərini əhatə edən XV ETHOS Beynəlxalq Teatr Festivalına (Ankara) qatılıb. Teatr hər iki festivalda rumın əsilli Fransa dramaturqu Ejen İoneskonun “Kral ölür” tamaşası ilə çıxış edib.
V Maltepe Beynəlxalq Teatr Festivalına 22 ölkə qatılıb. Gəncə teatrının direktoru Aqil Bəhramlı festivalın beynəlxalq münsiflər heyətində təmsil olunub.
Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Teatrın aktyoru Elxan Yunis (Abbasov) festivalın “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafata layiq görülüb.
Festival çərçivəsində Avrasiya Teatrlar Birliyinə üzv ölkələrin təmsilçilərinin növbəti toplantısı da keçirilib. ATB-nin qurucularından və Azərbaycan təmsilçisi Yusif Cəfərov toplantıda iştirak edib.
Gəncə teatrının Ankarada XV ETHOS Beynəlxalq Teatr Festivalında çıxışı da maraqla qarşılanıb. Tamaşanın nümayişindən sonra yaradıcı heyət və ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov izləyicilərin suallarını cavablandırıblar.
Gəncə Dövlət Dram Teatrı festivaldan sonra oktyabrın 19-da Türkiyənin Amasiya şəhərinə qastrola gedib. “Kral ölür” tamaşasının izləyiciləri arasında vaxtilə Azərbaycanın müxtəlif yerlərindən Amasiyaya köçmüş soydaşlarımız da olub.
Qardaş ölkənin media orqanlarında Gəncə teatrı və onun tamaşası haqqında materiallar yayımlanıb.
***
Oktyabrın 22-də Gəncə teatrının növbəti qastrol ünvanı Gürcüstan olub. Kollektiv Ozurgeti Dövlət Dram Teatrında da “Kral ölür” tamaşasını təqdim edib.
Qeyd edək ki, 2016-cı ildə Ozurgeti və Gəncə teatrları arasında memorandum imzalanıb.
Xatırladaq ki, “Kral ölür” tamaşasının quruluşçu rejissoru Tural Mustafayev, rəssamı Mustafa Mustafayevdir. Rollarda Əməkdar artistlər Elxan Yunis, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova, aktyorlar Günay Cabbarova və Ruslan Hüseynov çıxış edirlər.