Cefri Verbokla görüş və konsert

 

Məşhur amerikalı kamança ifaçısı Cefri Verbok uzun illərdir Azərbaycan mədəniyyətinin, musiqisinin tanınmasına töhfələr verir. Onun ölkəmizə səfəri sənətsevərlər üçün yaddaqalan hadisədir.

Oktyabrın 25-də Rəşid Behbudov adına Mahnı Teatrında “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib. Tədbir “Heydər Əliyev İli” çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.

Filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimlinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxış ediblər.

Çıxışlarda Cefri Verbokun Azərbaycanla əlaqələrindən söz açılıb. Qeyd edilib ki, Cefri Verbok ölkəmizi, xüsusilə mədəniyyətimizi, musiqimizi dünyada uğurla təbliğ edir.

Fuad Muradov qeyd edib ki, o, Ulu öndər Heydər Əliyevin diaspor quruculuğuna, o cümlədən mədəniyyətimiz, incəsənətimiz vasitəsilə Azərbaycanın dünyada tanınmasına xüsusi diqqətlə yanaşıb.

Fariz İsmayılzadə bildirib ki, ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində məhz Cefri Verbok kimi şəxslər mədəniyyət, incəsənət, musiqi yolu ilə Azərbaycanı Amerikada tanıdıblar.

Sonra Cefri Verbokun Ümummilli lider Heydər Əliyevlə görüşü barədə videoçarx nümayiş olunub, həmin görüşdə qeyd olunan məsələlərin bu gün həqiqətə çevrildiyi, ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycanın dostlarının da bizimlə bərabər Qələbə sevinci yaşadığı vurğulanıb.

Tədbirdə digər çıxış edənlər də Cefri Verbokla bağlı fikirlərini bölüşüblər.

Sonra amerikalı musiqiçiyə həsr olunmuş “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmindən fraqmentlər nümayiş etdirilib.

Bədii hissədə Cefri Verbok (kamança), Anar İmanov (tar) və Əsgər Əsgərzadənin (xanəndə) ifasında konsert proqramı təqdim edilib.

 

“Kamançada ilk dərsim yarım əsr əvvəl olub”

 

“Mənim kamançada ilk dərsim 50 il əvvəl olub. Bir müddət sonra bir dostumun tövsiyəsi ilə Los-Ancelesə, Kaliforniya Universitetinə getdim. Orada musiqiləri həm ifa, həm də izah edirdim. Mənim üçün çox rahat olduğunu gördüm, hər il başqa yerlərə, başqa məkanlara getdim. Amma, sadəcə, kollec və universitetlərdə çıxış edirdim. Yavaş-yavaş bunun çox gözəl proqram olduğunu öyrəndim. Tədbirlərdə həm daha yaxşı ifa edir, həm də insanlar qarşısında necə danışmağın lazım olduğunu öyrənirdim. Ona görə də Azərbaycan muğamını ilk dəfə qulaq asanların başa düşə bilməsi üçün bu xüsusi proqramı yaratmışam”.

Cefri Verbok bunu AZƏRTAC-a müsahibəsində söyləyib.

Amerikalı musiqiçi Azərbaycan muğamının ona güclü təsir etdiyini deyib: “Azərbaycan musiqisini yavaş-yavaş öyrəndim və buraya gəldim. İlk dəfə ölkənizə 1989-cu ildə gələndə Azərbaycan dilində heç danışa bilmirdim. Evimə qayıdanda fikirləşdim ki, bu dili məcburi olaraq öyrənməliyəm. O vaxtlar məktəb, müəllim, sinif, lüğət yox idi. Bu dili özüm başa düşdüm. Mən burada yaşamışam, həm də istirahət üçün qonaq kimi gəlirəm”.

Musiqiçi deyib ki, muğam bizim üçün çox mürəkkəb, dərin, bir az müəmmalı və möcüzəlidir: “Bəzən “Şur”, başqa vaxt “Çahargah”, “Segah”, “Şüştər” ifa etmək həvəsi gəlir. Yəni, ürəyimin yolu necədirsə, onu ifa edirəm...”.