Səxavət Məmmədovun 70 illiyi qeyd edildi

 

Oktyabrın 25-də М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətimizdə iz qoymuş xanəndə, Əməkdar artist Səxavət Məmmədovun 70 illiyinə həsr edilmiş konsert oldu.

Qonaqlar ilk olaraq böyük ekranda mərhum xanəndənin ifasının lent yazısını izlədilər. Sonra Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konsertin aparıcısı Leyla Quliyeva çıxış edərək sənətkarın qısa ömür yolundan və yaradıcılığından danışdı.

Diqqətə çatdırdı ki, Səxavət Məmmədov 23 oktyabr 1953-cü ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyub. Ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. “Hümayun” xalq ansamblının solisti olub. Sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. Yaratdığı “Qarabağ” instrumental ansamblının kollektivi ilə getdiyi ölkələrdə muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırıb. 30 sentyabr 1991-ci ildə avtomobil qəzasında vəfat edib.

Bu gün görkəmli xanəndə ifa etdiyi muğam və xalq mahnılarında yaşayır. Bənzərsiz ifaları musiqisevərlər tərəfindən maraqla qarşılanır. S.Məmmədovu görən və yaxından tanıyanlarla yanaşı, onu görməyən, amma səsinin sehrinə düşən gənc nəsil də çox sevir.

Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, Teyyub Aslan, Əməkdar artistlərdən Zakir Əliyev, Cabir Abdullayev, Almaz Orucova, xanəndələr Səbinə Ərəbli, Vüsal Əliyev sənətkarın repertuarından təsnif və mahnılar təqdim etdilər. İfaçıları “Qarabağ” ansamblı (bədii rəhbər Əməkdar artist Firuz Səxavət, konsertmeyster Əməkdar artist Əliağa Sədiyev (tar) müşayiət edirdi.

S.Fərəcov