Dünyaca məşhur “Bitlz” (“The Beatles”) qrupunun heç kimə məlum olmayan “Now and Then” mahnısı qrupun 43 il əvvəl vəfat etmiş solisti, bəstəkar Con Lennonun süni intellekt vasitəsilə canlandırılan səsi ilə musiqisevərlərə təqdim ediləcək.
Con Lennonun 1970-ci illərə aid bir kasetdə qeyd olunmuş mahnısının qaralama versiyası qrupun gitaraçısı Pol Makkartni və zərb alətləri ifaçısı Rinqo Starr tərəfindən ötən il tamamlanıb. Süni intellekt vasitəsilə hazırlanan versiya noyabrın 2-də musiqisevərlərə təqdim ediləcək.
Pol Makkartni jurnalistlərə müsahibəsində bildirib ki, süni intellektin imkanları sayəsində Lennonun səsi qüsursuz şəkildə mahnıya köçürülüb və nəticədə indiyədək heç kimin qulaq asmadığı bir mahnı ərsəyə gətirilib. O, sınaq prosesini “möhtəşəm yaradıcılıq işi” adlandırıb.
Bununla yanaşı, “Beatles” qrupunun “Red and Blue” adlı albomunun da yeni versiyası noyabrın 10-da satışa çıxarılacaq. Con Lennonun həyat yoldaşı Yoko Ono 1995-ci ildə – məşhur qrupun antologiyasını hazırladığı vaxt “Now and Then” mahnısının qaralama variantının yazıldığı kaseti Pol Makkartniyə verib.
Mahnının üzərində işləyən səs redaktoru Emile de la Rey süni intellektin imkanlarından istifadə edərək “Beatles” üzvlərinin səslərini arxa plan səs-küyündən ayırıb və mükəmməl bir versiya təqdim edib.
Qeyd edək ki, əfsanəvi “Liverpul dördlüyü”ndən iki nəfər – Pol Makkartni və Rinqo Starr sağdır. Qrupun digər iki üzvü – Con Lennon (1940-1980) və Corc Harrison (1943-2001) dünyasını dəyişib.