Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestri Türkiyənin Qars şəhərində Ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyləri münasibətilə konsert proqramı ilə çıxış edib.
Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən konsert Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”nın səsləndirilməsi ilə başlayıb.
Daha sonra bəstəkar və xalq mahnıları təqdim edilib. Prezident mükafatçısı Cahangir Qurbanovun dirijoru olduğu musiqi axşamında filarmoniyanın solisti Vəli Səfərovun ifasında F.Əmirovun “Kor ərəbin mahnısı” və Ü.Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” mahnıları, Prezident mükafatçısı Nurlan Nuriyevin kamançada və Babək Rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Axundzadənin tarda solo ifaları, duetləri qarslı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Konsert “Sarı gəlin” xalq mahnısının ifası ilə sona çatıb.