Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan “Yeni adlar” layihəsi davam edir. Layihəsi çərçivəsində növbəti konsert proqramı oktyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunub.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Mustafa Mehmandarov) müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (piano) və Əbdüləli Hüseynli (piano) çıxış ediblər.
Solistlər dinləyicilərə R.Şumanın “Piano və orkestr üçün konsert” (a-moll, op.54) və F.Lisztin “Ölülər rəqsi”, op.40 əsərini təqdim ediblər.
Qeyd edək ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.