Xəbər verdiyimiz kimi, 8 Noyabr – Zəfər Günü münasibətilə oktyabrın 22-dən noyabrın 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçirilir.

Festival paytaxtımızla yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi Qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edir.

Festival çərçivəsində oktyabrın 31-də Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki Cəbrayıl rayon Çərəkən kənd klubunda (Biləsuvar rayonu 4 saylı məcburi köçkün qəsəbəsində fəaliyyət göstərir) Əməkdar artist müğənni Aybəniz Haşımova və onun rəhbərlik etdiyi “Sənət akademiyası”nın tələbələri konsert proqramı ilə çıxış ediblər.

Proqramda vətənpərvərlik ruhlu musiqi nömrələri səsləndirilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Zəfər” festivalının daha bir musiqili tədbiri noyabrın 2-də Sabirabad rayonu Mədəniyyət Mərkəzində keçirilib. Azərbaycan Dövlət Mahnı Teatrı kollektivinin təqdim etdiyi konsertdə vətənpərvərlik ruhlu mahnılar səslənib.

Nurəddin