Şamaxı rayon Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyindəki “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən çap edilən “44 gün – tarixi Zəfər” adlı üçcildliyin I və II cildinin təqdimatı keçirilib.

Tədbirdə rayonun icra başçısı Tahir Məmmədov, Dağlıq Şirvan RMİ-nin rəisi Səxavət Məmmədov, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Rəfail Tağızadə açılış nitqi söyləyib. İcra başçısı Tahir Məmmədov, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqa çıxış edənlər şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.

Qeyd edilib ki, nəşrin 2022-ci ildə işıq üzü görən birinci cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri (iyul 2020) zamanı həlak olanlar da əhatə olunub. I və II cildlərdə ümumilikdə 2000-ə yaxın şəhid haqqında bioqrafik məlumatlar toplanıb. Hazırda III cild üzərində iş aparılır.

Təqdimatda bildirilib ki, kitabda Dağlıq Şirvan RMİ-nin əhatə etdiyi Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından Vətən müharibəsi şəhidləri barədə də məlumatlar yer alıb. Şamaxı rayonundan 43, Qobustan rayonu üzrə 26, Ağsu rayonu üzrə 30 nəfər, İsmayıllı rayonundan 27 nəfər Vətən müharibəsi şəhidi var.

Nəşrin ilk iki cildində adları qeyd olunan şəhidlərin ailə üzvlərinə kitablar təqdim edilib.

Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilmiş 8 sənədli filmdən biri nümayiş olunub.

N.Məmmədli