Sərgi-yarmarka çərçivəsində sənətkarlarla görüş keçirilib

 

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə noyabrın 1-də “Gəncəsənət – payız çalarları” sərgi-yarmarkası çərçivəsində sənətkarların və aidiyyəti qurumların iştirakı ilə görüş keçirilib.

Görüşdə RMİ-nin rəisi vəzifəsini icra edən Pərvin Kazımov, “KOB Dostu” departamentinin Gəncə-Qazax regional koordinatorluğunun əməkdaşı Anar Əliyev, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, Gəncə İctimai İştirakçılıq Məclisinin üzvü, “Gəncəsənət” layihəsinin koordinatoru Gülnar Məmmədova və başqaları iştirak ediblər.

Çıxışlarda sənətkarlığın daha da inkişaf etdirilməsi, yeni istedadlı gənclərin üzə çıxarılması ilə bağlı təkliflər səsləndirilib. Sənətkarların müzakirə olunan məsələlərə dair rəy və təklifləri dinlənilib.

Sonda “Gəncəsənət” sərgi-yarmarkasının hər ay keçirilməsi, habelə əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən “Gəncəsənət” layihəsinin məqsədi sakinlər arasında sənətkarlıq və incəsənətə marağın artırılması, sənət növlərinin yaşadılması və inkişafı, alıcı və sənətkar arasında körpünün qurulması, eləcə də şəhərin mədəni həyatına rəng qatmaqdır.