Əqli Mülkiyyət Agentliyi məsələni araşdırıb
Görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin 1968-ci ildə Azərbaycan Radiosunun “qızıl fondu”na daxil edilən “Sənə qurban” mahnısının ermənilər tərəfindən “Garun” adı altında mənimsənilərək ifa edilməsi və Yutub-da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
Agentlikdən bildirilib ki, Ələkbər Tağıyevin şair Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi mahnı ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilib. “Sənə qurban” mahnısı 1978-ci ildə Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb.
Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməni əsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində “Garun” (“Bahar”) adı ilə ifa edilib.
Bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. SSRİ Xalq artisti Z.Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş Sovet İttifaqının respublikalarında qastrol səfərlərində bu mahnını dəfələrlə ifa edib.
“Erməni əsilli ifaçı A.Madadyan isə Ələkbər Tağıyevin mahnısını mənimsəyərək sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” adı ilə oxuyub. Yutub kanalında yerləşdirilmiş “Garun” adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Yutub kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulub”, – deyə Əqli Mülkiyyət Agentliyindən bildirilib.