Bakı Beynəlxalq Kitab Sərgisinə 11 xarici ölkədən naşirlər, eləcə də Azərbaycanın yüzdən çox nəşriyyatı qatılacaq

 

Kitab hər bir xalqın mənəvi sərvəti, tarixi yaddaşının saxlanc yeridir. Dünyagörüşümüzün zənginləşməsində, konkret biliklərə yiyələnməyimizdə, estetik zövqümüzün formalaşmasında kitabların müstəsna əhəmiyyəti var.

Respublikamızda kitab sənətinin, nəşriyyat-poliqrafiya sənayesinin inkişafı və son illər bu sahədə görülən işlərin, reallaşan ardıcıl layihələrin nəticəsidir ki, bu gün kitabla bağlı hər hansı tədbir artıq ictimai maraq kəsb edən hadisələr sırasındadır. Ölkəmizdə nəşriyyat işinin səviyyəsi də ildən-ilə yaxşılaşmaqdadır. Bu sahədə ənənə halını alan və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi xüsusi rol oynayır. İlk dəfə 2009-cu ildə təşkil olunan sərgi paytaxtımızı kitab və nəşriyyat-poliqrafiya sahəsi təmsilçilərinin görüş yerinə çevirib. Ölkəmizdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaq da sərginin əsas məqsədlərindəndir.

11-15 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində növbəti – 9-cu sərgi keçiriləcək.  Bu il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitab bayramı yenidən ölkəmizdən və xaricdən bir sıra nəşriyyatları, bu sahənin mütəxəssislərini bir araya gətirəcək.

Mədəniyyət Nazirliyi Kitab sənayesi  şöbəsinin müdiri Akif Marifli sərgiyə hazırlıqla bağlı suallarımızı cavablandırdı. 

 

– Builki sərgiyə maraq necədir? Müraciətlər ötən illərə nisbətdə hansı səviyyədədir?

– Sevindirici haldır ki, ildən-ilə sərgidə iştirak etmək istəyən həm iştirakçı, həm də ziyarətçi sayı artır. IX Bakı Beynəlxalq Kitab Sərgisi də maraqlı təqdimatlarla yadda qalacaq. Artıq sərginin texniki işləri tamamlanmaq üzrədir və demək olar ki, sərgiyə tam hazırıq. Sərgi saat 10:00-dan 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir. İştirak üçün 11 xarici ölkədən 30-dan çox təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib. Təşkilat komitəsində sərgidə iştirakla bağlı 30-dan çox müraciət də nəzərdən keçirilir. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları, eləcə də kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

 

– Hər belə sərgi kitab sənayesinin inkişafına da töhfədir...

– Sizinlə tam razıyam. Hazırda ölkəmizdə kitab sənayesi inkişaf edir. Son illər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kitab sənayesinin subyektləri arasında əməkdaşlığın artırılması, dünya standartlarına cavab verən beynəlxalq kitab sərgilərinin və həmçinin lokal səviyyədə, rayon və şəhərlərdə kitab sərgi-yarmarkalarının təşkil olunması, yeni yazarların üzə çıxarılması və Zəfərimizə həsr olunan vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqələrinin təşkil olunması kimi hadisələr məhz bu sahənin dinamik şəkildə inkişafından xəbər verir.

 

– “Qarabağa kitabla gedək!” layihəsi üzrə hansı yeniliklər var?

– Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” layihəsi davam edir. Layihə üzrə indiyə kimi 130 mindən çox kitab Qarabağda qurulacaq kitabxanaların fondları üçün toplanılıb.

 

– Kitab sərgisinin fəxri qonaqları barədə nə deyərdiniz?

– Ötən il 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaq ölkəsi Türkiyə olmuşdu. Builki sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır. Fəxri qonaq ölkənin kitab sənəti və ədəbi-mədəni irsinin nümayişi məqsədilə Rusiya Federasiyası tərəfindən sərgi salonunda və Bakıdakı bir sıra mədəniyyət müəssisələrində müxtəlif formatda tədbirlər keçiriləcək. Rusiyanın tanınmış yazarları, tarixçiləri və elm adamları sərgiyə qatılacaqlar.

Sərginin fəxri qonaq müəllifləri Xalq yazıçısı Afaq Məsud və tanınmış yazıçı Şəhriyar Del Gerani olacaq. Bundan başqa, sərgidə bir sıra ölkələrdən tanınmış yazarların imza günləri keçiriləcək. 2019-cu il üzrə “Buker” mükafatının qalibi Coxa əl-Harsi (Jokha Alharthi) də 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq. Ümumilikdə də sərgini ziyarət edən kitabsevərlər bir çox tanınmış müəlliflərlə görüş və ünsiyyət imkanı əldə edəcəklər.

Onu da qeyd edim ki, ötən illərdə olduğu kimi, bu dəfə də sərgi günlərində ziyarətçilər üçün metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından sərgi məkanına – Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcək.

Lalə