Şəhid qəhrəman haqqında film
Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Tural Hümmətov haqqında lentə alınan “Nakam ömrün akkordları” sənədli filminin təqdimatı keçirilib.
Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov çıxış edərək şəhidin həyatı və döyüş yolu haqqında məlumat verib.
Sonra film nümayiş olunub.
Filmin ssenari müəllifi və rejissoru, Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev ekran əsəri haqqında fikirlərini bölüşüb.
Tural Hümmətov 20 may 1998-ci ildə Lənkəran rayonunun Tatoba kəndində doğulub. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Lənkəran şəhər Mədəniyyət Mərkəzinin büdcədənkənar kompüter mərkəzində inzibatçı vəzifəsində işləyib.
Tural Vətən müharibəsi zamanı topçu kimi Ağdərə istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl, Füzuli rayonlarının, Xocavəndin Hadrut qəsəbəsinin və kəndlərinin işğaldan azad edilməsində rəşadət göstərib. Noyabrın 7-də Şuşa şəhərinin azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub, Lənkəranda torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Nurəddin