11-12 noyabr tarixlərində Göyçayda növbəti, sayca XV Nar festivalı keçirilib. Ənənəvi tədbir axırıncı dəfə pandemiyadan əvvəl, 2019-cu ildə təşkil olunmuşdu.

Noyabrın 11-də səhər saatlarında şəhərin mərkəzi stadionundan start verilən bayram tədbirində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.

Tədbirdə narla bağlı müxtəlif müsabiqələr, oyunlar keçirilib. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanan nar şirəsinin, narşərabın, nardançanın, gilələnən narın dadına baxıblar.

Tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi ilə tanış olublar. Meydanda təşkil olunmuş kitab sərgisi, əl işləri və qədim sənət növləri maraqla izlənilib, idmançıların, folklor rəqs və musiqi qruplarının bir-birini əvəz edən çıxışları bayramı daha da yaddaqalan edib.

Qeyd edək ki, Göyçayda Nar festivalı 2006-cı ildən keçirilir.

Nurəddin