Laçın şəhərindəki kinoteatr binası bərpa olunaraq istifadəyə verilib. Açılış tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və hərbçilər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası Laçın azad edildikdən sonra 8 aya bərpa olunub. 230 tamaşaçı tutumlu binadakı ekranın ölçüsü 70 kvadratmetrdir.

Açılış mərasimində rejissor Qulu Əsgərovun 44 günlük Vətən müharibəsi mövzusunda çəkdiyi “Mən burdayam, İlahi!” tammetrajlı filmi nümayiş olunub. Doğma yurda qayıdışın sevincini yaşayan laçınlılar ekran əsərini alqışlarla qarşılayıblar.

***

Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı isə davam edir. Noyabrın 14-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə (40 nəfər) köçürülüb.

Bununla da cari ilin avqust ayından bu yana Laçın şəhərində 325 ailənin (1245 nəfər) daimi məskunlaşması təmin edilib.

N.Məmmədli