Son vaxtlar teatr camesi üçün maraqlı və yaddaqalan keçir. Teatrlarımız ard-arda premyeralar edirlər. Ötən ay Akademik Milli Dram Teatrında ilk nümayişi olan “Dantenin yubileyi” də bu sıradadır. Diqqətli oxucularımızın xatirindədir ki, bir neçə ay öncə bu səhnə işinin məşq prosesindən də bəhs etmişdik.
Xalq yazıçısı Anarın eyniadlı povestinin motivləri əsasında hazırlanan tamaşa fərqli üslub və baxış bucağı ilə seçilən, Bakıda aktyorluq, Rusiyada isə rejissorluq təhsili almış Ərşad Ələkbərovun bu səhnədə növbəti işidir. Onu böyük teatr mütəxəssisi İsrafil İsrafilov Akademik Milli Dram Teatrına rəhbərlik edərkən kəşf etmiş və nəticə olaraq “Müsyö İbrahim və Quran çiçəyi” ərsəyə gəlmişdi. Unudulmaz Fuad Poladovla daha çox yaddaqalan tamaşadan savayı o həm də Akademik Rus Dram Teatrında “Mərasim” və “Mən, sən, o və telefon”a, eləcə də qardaş Qazaxıstanda səhnə əsərinə quruluş verib. “Dantenin yubileyi”ndə də ondan umduğumuz rejissor performansını göstərə bildi. Ən azından ona görə ki, illərdir az qala ştamplamış oyununu izlədiyimiz bir neçə aktyoru bizə tam başqa yöndən göstərdi.
Tamaşa tərifəlayiqdirmi? Bəli. Elə isə “Dantenin yubileyi” Azərbaycan teatr mühiti üçün yenilikdirmi? Bax, burada birmənalı cavab əvəzinə bir az ətraflı mülahizələrə ehtiyac var...
Onlara keçməzdən öncə qeyd edim ki, tamaşanın musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədov, quruluşçu rəssamı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində Xalq artisti Sabir Məmmədov (Feyzulla Kəbirlinski), Əməkdar artistlər Sənubər İsgəndərli (Həcər), Elşən Rüstəmov (Səyavuş), Mətləb Abdullayev (Ağamehdi), Anar Heybətov (Cavad Cabbarov), Şəlalə Şahvələdqızı (Səfura), aktyorlar Şəhla Əliqızı (Anaxanım), Rüstəm Rüstəmov (Əlikram), Vüsal Mustafayev (Məcid Ələsgərov), Məhsəti Tahirzadə (Lena), Ramin Şıxəliyev (Gənc tənqidçi), Cümşüd Zeynalov (Mamed), Elsevər Rəhimov (Eldar), Tural İbrahimov (Aydın), Nəzrin Abdullayeva (Rəna) və Lalə Süleymanova (Roza) çıxış edirlər. Tamaşanın dəvətli iştirakçıları (musiqiçilər) Ayat Baxşıyev, Xəyal Əliyev, Vaqif Hacıyev və Vüsal Əliyevdir.
...Baş qəhrəman Feyzulla Kəbirlinski. O, faciəsini dərk eləyə-eləyə, bu faciəni bir ağrı kimi daşıyaraq yaşayır. Amma həm də daxilən xoşbəxtdir və sənətə xidmətdə keçən ömrü ilə qürurlanır. Əslində, sənətdə yeri yoxdur. Ahıl yaşlı uğursuz aktyorun yeganə qazancı saflığını saxlaması, faciəsi isə uğursuzluğu dərk edə-edə məsud görünməsidir. Məsələn, karamel fabrikində rəhbərlik etdiyi dərnəkdə onu belə görürük. Bütün günü rejissor Səyavuşun danlaqlarını eşidə-eşidə çalışdığı teatrın səhnəsində kiçildikcə məhz fəhlələrdən ibarət dərnək üzvlərinin qarşısında nəhəngləşə bilir.
Teatrda faydasız olsa belə, Kəbirlinski yaxşı insandır, ərdir, atadır. Özünün olmayan uşağa təmənnasız məhəbbətlə bağlıdır. Ondan bezən arvadı Həcərə də.
İstedadsız olsa da sənəti böyük məhəbbətlə sevir. Ömrü avtobusda teatr-dublyaj-televiziya-evi arasında keçən Kəbirlinski bəzən adamı hövsələdən çıxardacaq qədər inadkar və nikbindir. Təslim olmur və sonda öz istəyinə çatır – əsas mahiyyətini ifadə edə bilir və özü qarışıq hamının bir “PAZ”a mindirilərək ünvansız səfərə çıxmaqlarına nail olur. Mesaj qısa və çox sərtdir: Kəbirlinskilərsiz teatr ya olacaq, ya da yox. Məşhur “olum, ya ölüm?!” kimi...
Yeri gəlmişkən, tamaşa boyu səhnədə olan sarı “PAZ” avtobusu rəmzi, eyni zamanda çoxfunksiyalı məkan funksiyasını yerinə yetirir. Bütün hadisələr onun ətrafında, içində cərəyan edir.
Tamaşanın ümumi təəssüratı haqqında bir neçə kəlmə desək: əsər pyes olmadığından teatrımızda heç vaxt səhnələşdirilməyib və bu mənada tamaşanı bizim teatr üçün yeni yanaşma saymaq olar. Üstəlik, rejissor aktyorlarla çox yaxşı işləyib. Sözsüz ki, dünyada qonşu-bacamızda bu tipdə çox tamaşalar var. Sadəcə, bu tərz bizim üçün yeni sayıla bilər. Xırdalasaq, qüsurları da az deyildi. Xüsusən texniki baxımdan natamamlıqları vardı. Elə rekvizit kimi seçilən avtobusdan tutmuş musiqi həllindəki gitara ilə tarın bir neçə məqamda uzlaşdırılma cəhdinədək...
Amma, qeyd etdiyimiz kimi, rejissorun əsas uğuru aktyorlarla mükəmməl iş, aktyorların da ən bariz uğuru özlərinə kənardan baxmaqla məmnun oyunları idi. Məhz bu məqamda yada Stansilavskinin “Yaşama artistə səhnə sənətinin əsas məqsədini yerinə yetirməyə kömək edir. Məqsəd isə rolun “insan ruhunun həyatı”nı yaradarkən bu həyatı səhnədə bədii formada verməkdən ibarətdir” təyini düşür.
Düzü, ayrı-ayrılıqda aktyorlar arasında bölgü edib, sıralamaq istəməzdik. Amma, zənnimizcə, Sabir Məmmədov səhnəyə gələndən, bəlkə də elə ilk dəfədən – kütləvi səhnədə nizə tutandan məhz Kəbirlinski olmamaq üçün mübarizə aparıb. Ona tamaşa edərkən içdən-içə qəhrəmanına acıdığını, ona bağlandığını, hətta heyranlığını görürük. Yoxsa, aciz və uğursuz aktyor Kəbirlinski Xalq artistinin ifasında bu qədər təsirli alınmazdı...
Bertolt Brext və epik teatr ənənəsindən məlumatı olanlar bilirlər ki, forma və məzmun vəhdətinin təsnifatı məsələsində bu nəzəriyyəçi ustadır, istinad yeridir. Çünki məhz o, incəsənətin katarsis kimi qəbuluna alternativ “epik teatr” nəzəriyyəsini təqdim edib. Bu mənada onun üslub azadəliyini, poetikasını öz rejissor prinsipinə əlavə edən Ə.Ələkbərov nəyi haradan başladığını yaxşı bilirdi və tamaşa boyu bu vahid prinsip özünü göstərdi.
Sözsüz ki, tamaşanın üsluba adekvat olmayan tərtibatını və dilin ifadə tezliyinə tərs-mütənasib tempdə sürət seçimini çıxmaq şərtilə. Məsələn, səhnənin ortasına qoyulan “PAZ” avtobusu estetik və funksionallıq baxımından olduğu kimi, istifadə məqamında da narahatlıq yaradırdı. Səhnədə ev, mətbəx, teatr, dublyaj, televiziya, radio, hətta küçə-meydan olan avtobusun sonda nisgilli sakinlərini bir “PAZ”a toplayıb ünvansızlığa yürüşü, özü də bu gedişin səbəbkarının rejissor olması, quruluşçunun tamaşadakı “həmkar”ını (rejissor Səyavuş) hakimi-mütləq elan etməsi şəxsən bu sətirlərin müəllifində pessimist təyin-təəssüratı yaratdı.
Bəlkə də Səyavuş tam başqa zamanda və məkanda Kəbirlinskiyə “Bu gecə bu qoca, bu ocaq” deməyi daha uyğun şərtlərdə öyrədəcəkdi. Yaxud da əksər hallarda teatr adamlarının sevmədiyi tənqidçi Brextdən Çexova teatr məktəb və cərəyanlarına uyğun təhlillərini orada aparacaqdı. Nə bilmək olar, çox yəqin elə Həcər də qır-qızıllı qonşusundan baş götürüb Kəbirlinski ilə kasıb komasında daha azad xanımlıq edəcəkdi...
Həcər demişkən, bəlkə də on ildir Sənubər xanımın bu qədər zərif, kübar, təbii, bir sözlə, özü ola bilən ifasını görməmişdik. Aktrisa rolunu ustalıqla mənimsəyərək Kəbirlinsikinin deyingən arvadı olmaqdan bezar Həcəri bizə dözümlü, sədaqətli və yeri gələndə də ərindən qəhrəman düzəldən sadəlövhlükdə müxtəsər və müvəffəqiyyətlə çatdırdı.
Bu sözləri fərqli ampluada gördüyümüz digər rolların ifaçılarına (rejissor, teatrşünas, gənc tənqidçi, qeybətcil qonşu Anaxanım, ortada yeyib, qıraqda gəzən Ağamehdi, yarıtmaz çoxbilmiş Səfurə, yaramaz Məcid Ələsgərov) da aid etmək olar. Cavad Cabbarov obrazı isə Əməkdar artist A.Heybətovun ifasında son vaxtlar gördüyümüz ən yaxşı roldur deyə bilərik.
Tamaşanın ideal cütlüyü də vardı – Mamed (C.Zeynalov) və Eldar (E.Rəhimov). Cümşüdü bu tip rollarda görməyə alışmadığımızdan bu obrazı onun aktyor kimi fərqli oyun manerasını – dramatizmdə komik elementlərə asanlıqla keçidini tapmaq imkanı verdi. Elsevərin gənc aktyor kimi səhnədə duruşu, səs tembri, plastikası və tamaşaçı ilə tərəf-müqabil vasitəsilə də asanlıqla ünsiyyətə girmək qabiliyyəti də görülməyə dəyər.
Ümumiyyətlə, Milli Dram Teatrının bundan öncə bir-iki tamaşada diqqəti özünə cəlb edən növcavanları bütün mənalarda yaxşı, uğurlu seçimin nəticəsi kimi alqışa layiqdirlər. İnanmaq olar ki, onlar akademik teatrın repertuarında nəzərə çarpmaqla, istənilən əsərə müraciətə zəmin yarada bilərlər. Unutmadan əlavə edək ki, Nəzrin Abdullayevanın da səs, plastika və tamaşaçı ilə ünsiyyəti uğurlu alınmışdı və o da truppada yerini möhkəmləndirə bilər.
Qısacası, bizim səhnə üçün yeni olan köhnə teatr fədaisi haqqında həzin ballada sayılan “Dantenin yubileyi” alındı...
Həmidə Nizamiqızı