17 noyabr Milli Dirçəliş Günüdür. 1988-ci ilin noyabrında yüz minlərlə soydaşımız Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Qarabağda törətdiyi təxribatlara və Sovet İttifaqı rəhbərliyinin bu məsələdəki ikili siyasətinə etiraz olaraq Bakıda, indiki Azadlıq meydanına toplaşıb. Kütləvi aksiyalar fasiləsiz olaraq dekabrın 4-dək davam edib və milli azadlıq hərəkatına çevrilib. 1992-ci ildən 17 noyabr tarixi ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd edilir.
Əlamətdar gün münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif səpkili tədbirlər keçirilib.
Ağdam rayon Heydər Əliyev Mərkəzində Milli Dirçəliş Gününə həsr olunan tədbir keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Azərbaycanın azadlıq mübarizəsi və Milli Dirçəliş Gününün bu mübarizədəki rolu haqqında danışılıb. Sonda əlamətdar günə həsr olunmuş film nümayiş etdirilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə əlamətdar günə həsr olunan tarix dərsi keçirilib. Şəhid Rövşən Nəbiyev adına Təzəkənd kənd tam orta məktəbi şagirdlərinin iştirak etdiyi dərsdə xalqımızın milli birliyinin təntənəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpasından söz açılıb.
Astara rayon Heydər Əliyev Mərkəzində “Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb” mövzusunda tədbir təşkil edilib. Tədbirdə “Zəfər qoxulu Milli Dirçəliş Günü” adlı film nümayiş olunub. Çıxışlarda xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən bəhs edilib. Sonda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində də Milli Dirçəliş Günü ilə bağlı tədbir təşkil olunub.
Nurəddin Məmmədli