Noyabrın 20-də Laçın rayonunun Zabux kəndinə sakinlərin növbəti köçü olub. Kənd bu dəfə daha 25 ailəyə qucaq açıb. Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri Zabuxun möhtəşəm təbiət mənzərəsini seyr ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən ailələrə evlərinin açarları təqdim edilib.

Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da kənddə 96 ailənin (382 nəfər) daimi məskunlaşması təmin edilib.

Laçın rayonunun Zabux kəndinə sakinlərin qayıdışı bu ilin avqustunda başlayıb və mərhələlərlə davam edir.