Edama məhkum olunmuş ömrünün son saatlarında bu sualı elə amansız, təsirli verdi ki, ona baxan hər kəs içini çəkərək “çığırtı” ilə “yox!” dedi...
Noyabrın 20-də Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) zalına toplaşanlar bu dəfə məhkumun son həyat akkordlarını izlədilər. 140 yaşını qeyd edən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının təqdimatında. ATXİ-nin Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Qonaq teatr” layihəsinin budəfəki iştirakçısı paytaxta “Edama məhkumun son günü” tamaşası ilə gəlmişdi...
Bir gün dostu ilə Paris küçələrində gəzişərkən meydana toplaşmış izdiham Viktor Hüqonun diqqətini çəkir. Yaxınlaşdıqda bir müttəhimin edam olunduğunu görən yazıçı bu hadisədən çox təsirlənir və dərhal oradan uzaqlaşır. Gördüyü bu sarsıdıcı mənzərə nəticəsində “Edama məhkumun son günü” əsərini qələmə alır. 27 yaşında yazdığı bu romanda Hüqo adsız qəhrəmanın dilindən edam hökmünün bir insana necə təsir etdiyini olduqca mükəmməl təsvir edir.
“Öləcəyini bilən bir insan hansı hissləri keçirə bilər” sualı Hüqo kimi gənc quruluşçu, Naxçıvan teatrının baş rejissoru Mir Qabil Əkbərovu da düşündürür və onu seçkin aktyor üçlüyünün üslub və ifadə üçbucağında, özü də hər birinə ayrı bir təsir və təzim dairəsi cızaraq təqdim edir.
Tamaşanın əsərdən irəli gələn mühüm özəlliklərindən biri, sözsüz ki, təhkiyəsinin birinci şəxsin dilində, daxili monoloq şəklində hərəkətli nəqlidir. Ona görə də minimalist tərtibat və keçidli oyun mərhələləri ilə biz daxilindəki Şeytan, arzularındakı Mələk, qarşısındakı ölüm, xəyalındakı uzun ömür haqqında öz bəraət və üsyankar yalvarışlarında qısa-qısa xəyallar quran Məhkumun zəncirlənmiş hisslərinin bədəndəki əzab işartılarını görürük...
Tamaşada edama məhkum şəxsin son günündəki duyğuları ilə yanaşı, yazılmamış qanunlar, bu cür “qanun”ların fiziki ağrılardan daha çox mənəvi işgəncələrə səbəb olması ön plana çəkilir. Naxçıvan teatrı üçün yeni olan səhnə əsərinə, bu cəsarətli addıma görə heyəti alqışlamaq olar. Çünki illərdir daha çox tarixi dramlar, akademik üslublu tərtibat və musiqili tamaşalar üzərində çalışan kollektivin birdən-birə belə bir üsluba keçidi tamaşaçıların fərqli janr və poetikalara münasibətini ayırd etmək üçün də əhəmiyyətlidir.
Tamaşaya teatra bir neçə ay öncə baş rejissor təyin olunan Mir Qabil Əkbərov quruluş verib. Nümunənin musiqi tərtibatı da ona məxsusdur.
Qaranın hakim olduğu bəyaz arzulu səhnə işinin quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Rəqs elementləri, xüsusən Məhkumun xəyal dünyasındakı xilaskarlarının, bəzi məqamda onu cəzalandırmağa gələn həkimdən hakimə hər dürlü qılıqlara girən qarabasmalarının rəqsləri maraqlı bir təsəvvür yarada bildi.
Səhnə əsərində rolları Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev ifa edirdilər. Tamaşa boyu biz edamına öz-özünə etiraz edən gənc atanın qızı ilə görüşmək, onun böyüdüyünü görmək, ölümündən sonra anasının, arvadının əzablarına görə bağışlanmaq və arabir buna ümidlənmək kimi ruh sarsıntılarını S.Canbaxşıyevin təbii və inandırıcı ifadə formasında görürük. O, ölüm hökmünə məhkum olunmuş yoxsul bir atanın edam olunacağı ana qədər yaşadığı iztirabları, keçirdiyi sarsıntıları, xəstə qızı üçün məcbur olduğu çörək oğurluğu və bu zaman bilmədən kiminsə ölümünə səbəb olmasını göz yaşları içində, özünü yerə-göyə “çırparaq” ifadə edir.
Beləcə, edama məhkum olunmuş barışmaz Məhkum gah həbsxana divarları arasından qaçmaq üçün çapalayır, gah hakimlərə hökmün ləğv olunması üçün yalvarır, gah da məktubunun böyük adamlara çatacağı və ədalətin bərqərar olacağına ümidlər bəsləyərək cızmaqaralar edir. Bir anda ovqatı tamam dəyişib xoşbəxtlik arzuları baş qaldıran ata, ər, oğul Məhkum keçmiş xoşbəxt günlərini xatırladıqca ölümü gözləməyin ölməkdən daha ağır və daha dəhşətli olduğunu “yaşamaq ölməkdən daha çətindir” ifadəsində tamamlayır və...
Dünyada ölüm hökmünə etiraz olaraq yazılan və yəqin həm də Hüqonun insanlıq üçün bir də bu yöndən xidməti hesab olunan əsərin naxçıvanlı teatr təmsilçilərinin ifasında təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılandı.
Nümayişdən sonra ATXİ-nin sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov səhnəyə qalxaraq qonaq kollektivi salamladı, onları 140 illik yubileyləri münasibətilə təbrik etdi. Uzun və səmərəli yaradıcılıq yolu keçən teatrın milli sənət tariximizdəki rolundan bəhs etdi, heyətə yeni yaradıcılıq uğurları arzuladı.
Sənət ocağının inkişafındakı xidmətlərinə görə və 65 illik yubileyi münasibətilə Əməkdar rəssam Səyyad Bayramova, nümayiş olunan tamaşasının uğurlu quruluşuna görə isə teatrın baş rejissoru Mir Qabil Əkbərova ATXİ-nin fəxri fərmanı təqdim edildi.
Mir Qabil Əkbərov bizimlə söhbətində dedi: “Naxçıvan teatrında istifadə olunmayan sənət axınlarına üz tutmaqda əsas məqsədimiz mövcud truppanı fərqli yöndə formalaşdırmağa, onlarda yeni ifadə formalarına maraq və vərdişlər yaratmaqdır. Biz həm də yeni nəsli səhnəyə cəlb etməkdə maraqlıyıq. Bu prosesi yeni yaranan teatr-studiyası sayəsində irəli aparacağıq. Hazırda Xalq yazıçısı Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələkləri” əsərləri üzərində məşqlər gedir və hər iki nümunə bu ilin sonunadək təqdim olunacaq”.
Həmidə Nizamiqızı