“Yeddi gözəl” qrupunun konserti

 

Kanadanın Toronto şəhərində Türk dünyasının mədəni irsinin təbliği məqsədilə qala-gecəsi təşkil olunub. Tədbir Azərbaycanlı Kanadalılar Şəbəkəsinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığı çərçivəsində gerçəkləşib.

Gecədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan və  Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi gözəl” musiqi qrupunun konserti təqdim olunub. Qrupun bədii rəhbəri Azərbaycanın Əməkdar artisti, bəstəkar, dirijor Turan Manafzadədir.

Fonddan bildirilib ki, tədbirdə Azərbaycanlı Kanadalılar Şəbəkəsinin nümayəndələri Dmitri Kirilov və Nigar Cabiyeva, Kanadanın ruhi sağlamlıq üzrə naziri və səhiyyə nazirinin müavini Ya’ara Saks, ölkə parlamentinin üzvləri Françesko Sorbara və Əli Ehsassi çıxış ediblər. Çıxışlarda belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında mühüm rolu vurğulanıb.

“Yeddi gözəl” ansamblının ifasında Türk dünyasının görkəmli bəstəkarlarının əsərləri və xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.