İtalyan bəstəkarı Antonio Salyerinin (1750-1825) yeni tapılan balet musiqisi iki yüz ildən sonra ilk dəfə “Lincoln Pro Musica” orkestri tərəfindən ifa olunub.
Haddersfild Universitetinin tələbəsi Ellen Stokes bəstəkarın “Europe Riconosciuta” operasının not əlyazmasını Avstriya kitabxanasının arxivində tapıb. Doktoranturada təhsil alan qız bildirib ki, itirilmiş bu əsərin notlarını tapmaq heyrətamiz olub. O, Vyanadakı Avstriya Milli Kitabxanasına gedib və burada dörd əlyazmanın vərəqləri arasında “qarışdırılmış” “Pafio e Mirra” adlı balet üçün musiqi notlarını da aşkar edib. Tələbə qız deyib: “İnanıram ki, Salyerinin baletlərindən birinə yeni həyat bəxş etmişəm. Bu, onun alman bəstəkar Kristoff Qlyuk tərəfindən sifariş edilmiş operasının fasiləsinə əlavə olan əsər idi. Balet operanın ortasında ifa olunurdu. İndiyədək bu balet itmiş hesab olunur, bəzi musiqişünaslar isə onun yalnız fraqment şəklində mövcud olduğunu düşünürdülər...”.
Salyerinin “Europe Riconosciuta” operasının premyerası (balet bölməsi ilə) 1778-ci ildə Milanda olub. Uzun fasilədən sonra, 2004-cü ildə opera yenidən tamaşaya qoyulub, lakin həmin quruluşda balet bölməsi olmayıb.
Qeyd edək ki, Antonio Salyeri Avropanın tanınmış bəstəkarlarından olub. O, həmçinin öz rəqibi Volfqanq Amadey Motsartın ölümündə əli olduğu barədə şayiələr yayıldıqdan sonra daha çox, lakin mənfi şöhrət qazanıb.