Fransanın La Roşel (La Rochelle) şəhərindəki Assosiasiyalar Birliyinin təşkilatçılığı ilə keçirilən “Les Papilles du monde” (“Dünyanın dad reseptləri”) festivalında ölkəmizin  səfirliyi də iştirak edib.

Müxtəlif ölkələrin səfirliklərinin, eləcə də Fransada yaşayan xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Azərbaycan stendi də maraqla qarşılanıb.

Stenddə Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı və mətbəxinə dair fransız dilində nəşr etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks etdirən suvenirlər, milli ornamentlə işlənmiş armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş stendimizin ziyarətçiləri paxlava, şəkərbura, badambura kimi milli şirniyyatlara, milli mətbəximizin qutab, plov kimi dadlı təamlarına, Azərbaycan şərabına qonaq ediliblər.

Səfir Leyla Abdullayeva festivalın təşkilatçılarına, eləcə də assosiasiya rəhbərlərinə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun müvafiq siyahısına daxil edilmiş mədəni irs nümunələrindən kəlağayı, eləcə də tar və kamança musiqi alətləri haqqında məlumat verib, xalqımızın çoxəsrlik adət-ənənələrindən, milli mətbəx və geyimlərimizdən danışıb.

Azərbaycan səfiri yerli radioya da mədəniyyətimiz və mətbəximizlə bağlı müsahibə verib.

***

Fransadakı səfirliyimizin dəstəyi ilə Azərbaycan Tours şəhərində təşkil edilmiş Dil festival”ında da təmsil olunub. Festivalda 50 ölkə iştirak edib.

Azərbaycan səfirliyi tərəfindən mədəniyyətimizə, milli mətbəximizə dair kitablar, ölkəmizin coğrafiyasını, milli geyimləri əks etdirən açıqcalar nümayiş olunub. Naxçıvan motivləri ilə təqdim olunan stendimizdə Ordubad sucuğu ziyarətçilər tərəfindən çox bəyənilib. Həmçinin Azərbaycan mətbəxinin dadlı təamlarının resepti, milli bəzək nümunələri nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib.

Eşqi Camalovun təqdimatında Azərbaycan mədəniyyəti, rəqslərimiz, “Şərur yallısı” haqqında məlumat verilib. Ziyarətçilər, eləcə də Tours şəhərində yaşayan soydaşlarımız yallı rəqsinə qoşulublar.

Qeyd edək ki, festivalda Azərbaycan stendinin təşkilatçısı Eşqi Camalov Poitiers Universitetində İKT üzrə müəllim işləyir.