Bu il görkəmli teatr və kino aktyoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dövlət mükafatları laureatı Mirzəağa Əliyevin (1883–1954) anadan olmasının 140 illiyidir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsindəki M.Əliyev adına Mədəniyyət evində sənətkarın yubileyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları aktyorun sənət yolunu əks etdirən fotolarından və mədəniyyətimizin müxtəlif sahələrinə aid nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Mədəniyyət evinin direktoru Cavid Məmmədov qonaqları salamlayaraq tədbirin təşkil edilməsində məqsədin sənətkarın adının əbədi yaşadılması və yeni nəsillərə tanıdılması olduğunu bildirib.
Sonra M.Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Aktyorun “Arşın mal alan” (1945) filmindəki Məşədi İbad, eləcə də “Hacı Qara” (1929) filmində canlandırdığı Hacı Qara obrazları əsasında səhnəciklər nümayiş etdirilib.
Şərqşünas Elnur Kazımov sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinin heç zaman unudulmayacağını deyib.
Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, bədii qiraətçi Ağalar Bayramov aktyorun sənət salnaməmizdəki yerindən danışıb. Qeyd olunub ki, M.Əliyev ömrünün yarım əsrdən artıq dövrünü teatr və kinomuzun inkişafına həsr edib.