Azərbaycanda ilk qadın jurnalı olan “Şərq qadını” (hazırkı adı “Azərbaycan qadını”) jurnalının işıq üzü görməsinin 100 ili tamam olur. Bu münasibətlə
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şərq qadını jurnalı -100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Azərbaycanın mətbuat tarixi ilə bağlı kitablar, ənənəvi sərgidə “Şərq qadını” jurnalının ilk nömrəsi ilə yanaşı, müxtəlif illərdə nəşr olunan nömrələri, bir əsrlik tarixi, Azərbaycan qadınlarının ictimai fəaliyyətindən bəhs edən ədəbiyyat nümunələri nümayış olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkdən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcək.
Qeyd edək ki, 1923–cü ilin noyabr ayında nəşrə başlayan, ayda bir dəfə işıq üzü görən “Şərq qadını” jurnalı qadınların hüquqları uğrunda mübarizənin, qadın klublarının, təhsil proqramlarının və məktəblərin təşkili, ana və körpənin qorunması, uşaq bağçalarının yaradılması, qadın məsləhətxanaları, sənətkarlıq kooperativlərinin aktual mövzularını sistemli şəkildə işıqlandırıb.
Jurnalın ilk adı “Şərq qadını” olub. Odur ki, 1938-ci ilin fevralından etibarən jurnalın adı dəyişdirilərək “Azərbaycan qadını” adlandırılıb.