Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun birgə təşkilatçılığı ilə İsmayıllı rayon Mədəniyyət Mərkəzində maarifləndirici təlim keçirilib.
Təlim “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası çərçivəsində təşkil olunub.
İşçi qrupunun sektor müdiri təqdimatla çıxış edib. İştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə məlumat verilib.
Təlimdə işçi qrupunun hazırladığı metodik tövsiyələrin yer aldığı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim olunub.
***
Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki Laçın şəhər 1 nömrəli Uşaq musiqi məktəbində isə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı “Uşaqlara sağlam və təhlükəsiz ətraf mühit yaradaq” adlı dəyirmi masa təşkil edilib. Tədbirdə məktəbin rəhbərliyi narkotik və digər zərərli vərdişlərin insan səhhətinə vurduğu zərərlər barədə danışaraq, məktəbliləri sağlam həyat tərzi keçirməyə səsləyib. Qeyd olunub ki, Azərbaycan dövləti gələcəyimiz olan uşaqların vətənə məhəbbət, xalqa hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük əhəmiyyət verir.