Hər il dekabrın 3-ü dünyada Beynəlxalq Əlillər Günü qeyd olunur. BMT Baş Assambleyasının 1992-ci il dekabrın 14-də keçirilən iclasında bununla bağlı qətnamə qəbul olunub. Əlamətdar günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Bölgələrdə bu münasibətlə müxtəlif səpkili tədbirlər keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Reabilitasiya Mərkəzi və şəhər Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə keçirilən “Biz birlikdə güclüyük!” adlı tədbirdə rəngarəng musiqi nömrələri təqdim edilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Hacıqəhrəmanlı qəsəbə Sənətkarlıq klubu və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Əlillərə qayğı göstərək!” adlı tədbirdə dövlət tərəfindən əlillərə göstərilən diqqət və qayğıdan söz açılıb.

Salyan rayon Heydər Əliyev Mərkəzi və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Əngəlləri cəsarətlə aşanlar” adlı tədbir keçirilib. Fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgiyə baxış olub, mahnılar və rəqslər təqdim edilib.

Əlamətdar günlə bağlı Biləsuvar rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə isə uşaqlar arasında maraqlı oyunlar və viktorinalar keçirilib.

***

M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən “Narınqala” Folklor evinin kollektivi Ü.Hacıbəyli adına şəhər Folklor evinin kollektivi ilə birgə “Əlimdən tut, əngəlimi unudum” mövzusunda əlillərlə görüş keçirib. Dövlətin bu sahədə həyata keçirdiyi işlər haqqında məlumat verilib.

***

Ağdam rayon Seyidli kənd Uşaq musiqi məktəbinin kollektivi Beynəlxalq Əlillər Günü münasibətilə Yevlax Əlillərin Regional Bərpa Mərkəzində konsert proqramı ilə çıxış edib. Konsertdə məktəbin kollektivi tərəfindən müxtəlif musiqi nömrələri səsləndirilib.

***

Cəbrayıl rayon Çərəkən kənd klubu və Düzoba kənd kitabxanasının əməkdaşları birinci qrup əlil olan Yaqub Ələsgərovun ailəsini ziyarət ediblər. Yaqub Ələsgərov 1954-cü ildə rayonun Çaxırlı kəndində anadan olub. Ömrünün qırx ilini müəllimlik peşəsinə həsr edib.

***

Masallı Günərzi Qayğı Mərkəzində rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir keçirilib. Çıxışlarda əlillərin hüquqlarının qorunmasına nail olmaq üçün ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməyin vacibliyi vurğulanıb. Sonra tədbirin təşkilatçıları tərəfindən sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr təqdim olunub.

Nurəddin Məmmədli