Dağlıq Şirvan RMİ və Şamaxı rayon Mirzə Ələkbər Sabirin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Əzizə Cəfərzadənin (1921-2003) yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
“Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı tədbirdə əvvəlcə mərkəzin foyesində Xalq yazıçısının və şair-qəzəlxan, xanəndə-bəstəkar Ağakərim Nafizin əsərlərindən ibarət kitab sərgisi nümayiş olunub. Çıxışlarda elmi və bədii yaradıcılığı haqqında geniş söhbət açılıb. Yazıçının oğlu Turan İbrahimov anası ilə bağlı xatirələrini bölüşüb, Ə.Cəfərzadənin yaradıcılığına həsr olunmuş yeni kitablar haqqında məlumat verib.
Tədbirdə həmçinin Ağakərim Nafizin 75 illik yubileyinə həsr edilən “Təzkireyi-Nafiz” adlı kitab da təqdim olunub.
Tədbir Şamaxı rayon Mədəniyyət Mərkəzinin hazırladığı bədii proqramla başa çatıb.