“Time” jurnalı Teylor Svifti “İlin adamı” elan edib

 

Amerikanın “Time” jurnalı 2023-cü il üçün “İlin adamı”nı elan edib. Bu dəfə siyasi liderləri, qlobal proseslərə təsir imkanları olan şəxsiyyətləri bir kənara qoyan nəşr amerikalı müğənni Teylor Svifti bu ada layiq görüb.

Qeyd edək ki, “Time” jurnalının ənənəvi “İlin adamı” seçimi üçün qısa siyahıda bu il Rusiya Prezidenti Vladimir Putin, Britaniya Kralı III Çarlz, Çin lideri Si Cinpin, CHatGPT süni intellekt proqramının tərtibatçısı Sem Altman, hətta eyniadlı filmdən Barbi kuklası da vardı.

“Bu, mənim indiyə qədər yaşadığım ən qürurlu, ən xoşbəxt, ən yaradıcı şəkildə yerinə yetirilən və azad hissdir”, – deyə 33 yaşlı Teylor Svift nəşrə açıqlamasında bildirib.

Jurnalistlər onun musiqi karyerasını miqyasına görə Elvis Presli, Maykl Cekson kimi ulduzlarla müqayisə edirlər. “Time” jurnalının baş redaktoru Sem Cekobs qeyd edib ki, dünyada 8 milyard insanı təcəssüm etdirə biləcək bir nəfəri seçmək asan məsələ deyil. Nəticədə sevinc və dünyaya işıq təcəssüm etdirən bir nəfər üzərində dayandıq.

2023-cü ildə Teylor Sviftin dünya turu konsertlərinə 4,1 milyon bilet satılıb. Onun hər konsertinə orta hesabla 54 min tamaşaçı gəlib. Müğənninin iyul ayında Sietl şəhərindəki (Vaşinqton ştatı) stadionda 144 min tamaşaçının izlədiyi konserti hətta lokal zəlzələ effekti yaratmışdı. Konsertdə güclü səs sisteminin dalğaları və on minlərlə pərəstişkarının eyni anda rəqs etməsi 2,3 bal gücündə seysmik aktivliyə səbəb olmuşdu. Gələn ilin avqustuna qədər davam edəcək “The Eras Tour” konsertlərinin müğənniyə ümumilikdə 1,4 milyard dollar gəlir gətirəcəyi gözlənilir.

Qeyd edək ki, “Time” jurnalı 1927-ci ildən etibarən “İlin adamı”nı seçir. Bu ada ilk dəfə həmin il Atlantik okeanı üzərindən təkbaşına uçuş həyata keçirən amerikalı təyyarəçi Çarlz Lundberq layiq görülmüşdü. Müxtəlif vaxtlarda Mahatma Qandi (1930), Franklin Ruzvelt (1932), Adolf Hitler (1938), İosif Stalin (1939, 1942), Uinston Çörçill (1940), Nikita Xruşşov (1957), Ayətullah Xomeyni (1979), Ronald Reyqan (1980), Mixail Qorbaçov (1987), Vladimir Putin (2007), Angela Merkel (2015) kimi siyasi liderlər “Time” tərəfindən “İlin adamı” seçiliblər. 2021-ci ildə İlon Mask, 2022-ci ildə isə Ukrayna Prezidenti Volodimir Zelenski bu sırada yer almışdı.

V.Kamal