1-11 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində 11-ci Beynəlxalq Teatr Festivalı keçirilir. Türkiyə Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən təşkil edilən və bu il “Dönüşüm” (transformasiya) mövzusuna həsr olunan festivala Türkiyə, Azərbaycan, Serbiya və İrandan teatr kollektivləri qatılıb.
Festivalda ölkəmizi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı təmsil edir. Yaradıcı heyət teatrın baş rejissoru Mir Qabil Əkbərovun quruluşunda V.Hüqonun “Edama məhkumun son günü” əsərinin tamaşasını dekabrın 6-da nümayiş etdirib.
Quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyeva olan səhnə əsərində rolları muxtar respublikanın Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev canlandırıblar.
Qeyd edək ki, 11-ci Beynəlxalq İzmir Teatr Festivalında ümumilikdə 26 tamaşanın nümayişi nəzərdə tutulur.
H.Nizamiqızı