Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Gürcüstanın Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə Cavad xan dəftərxanasının önündə görkəmli gürcü şairi Nikoloz Barataşvilinin (1817–1845) xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, millət vəkilləri Pərvin Kərimzadə, Müşfiq Cəfərov və digər qonaqlar mərasimdə iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Gəncədə N.Barataşvilinin xatirə lövhəsinin açılması Azərbaycan-Gürcüstan əlaqələrinin tarixi köklərə malik olduğunu göstərir.

Bildirilib ki, çətin taleli, cəmi 28 il yaşamış şair və tərcüməçi ömrünün bir hissəsini xidməti ilə əlaqədar Naxçıvan və Gəncədə keçirib. O, Gəncədə malyariya xəstəliyindən vəfat edib və burada torpağa tapşırılıb. Uzun illərdən sonra gürcü ziyalıları onun nəşini şairin doğulduğu Tiflisə köçürərək yenidən dəfn ediblər.

Çıxışlardan sonra Niyazi Bayramov və Zurab Pataradze tərəfindən xatirə lövhəsinin üzərindəki ağ örtük götürülüb, önünə tər çiçəklər düzülüb.

Bədii hissədə “Xəmsə” uşaq rəqs ansamblının solisti Məryəm Əlizadə, Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Amin Bayramov və Qax rayonunda fəaliyyət göstərən “Şvitkatso” gürcü xalq xoru, həmçinin “İmedi” rəqs kollektivinin çıxışları olub.

Qeyd edək ki, Gəncə hakimi Cavad xanın dəftərxanasında çarlıq dövründə Usuf bəyin rus dili məktəbi fəaliyyət göstərib. N.Barataşvili 1845-ci ildə Gəncədə qəza rəisinin müavini vəzifəsində işləyərkən bu binada yaşayıb. Sovet dövründə binadan şairin ev-muzeyi kimi istifadə olunub. Bina 2012-ci ildə sökülərək yenidən inşa edilib.

Nurəddin