Kişineudakı səfirliyimizin önündəki bağçada Müslüm Maqomayevin barelyefi açılıb

 

Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Tədbirlər çərçivəsində dekabrın 6-da ölkəmizin Kişineudakı səfirliyinin önündəki bağçada dünya şöhrətli müğənni Müslüm Maqomayevin barelyefinin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan ilə Moldova arasında iqtisadi inkişaf üzrə hökumətlərarası komissiyanın həmsədrləri – Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spınu və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, eləcə də Moldovanın mədəniyyət naziri Sergiu Prodan, Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, digər rəsmilər iştirak ediblər. Tədbirə Moldovadakı Azərbaycan diasporunun təmsilçiləri, ictimaiyyət nümayəndələri də qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin səfirliyin önündəki bağçada ucaldılmış büstü önünə gül dəstələri düzüblər.

Səfir Qüdsi Osmanov bildirib ki, görkəmli müğənni Müslüm Maqomayevin barelyefi Azərbaycan xalqının tarixində parlaq iz qoymuş digər tanınmış şəxsiyyətlərin barelyefləri ilə yanaşı səfirliyin önündəki bağçada öz layiqli yerini tutub: “Bu barelyef Moldovada Müslüm Maqomayevin xatirəsini əbədi olaraq yaşadacaq”.

Moldovanın mədəniyyət naziri Sergiu Prodan Kişineuda dünyaca məşhur müğənni və bəstəkar Müslüm Maqomayevin barelyefinin açılışını mühüm mədəniyyət hadisəsi adlandırıb. O, ölkələrimizin dostluğunun rəmzi olan səfirliyin önündəki bağçanı paytaxtın ən gözəl guşələrindən biri kimi qiymətləndirib.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirə toplaşanları barelyefin açılışı münasibətilə təbrik edib. Vurğulayıb ki, səfirliyin önündəki bağça hər kəsin Azərbaycanın tarixinə və mədəniyyətinə toxuna biləcəyi məkandır.

***

Sonra Kişineunun Orqan zalında Azərbaycan muğam ifaçılarının konserti olub.

Tədbirin rəsmi hissəsində Moldovanın mədəniyyət naziri Serjiu Prodan və Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış ediblər.

Gecədə Azərbaycan xalq mahnıları və muğam parçaları ilə bərabər, Moldovada yaşayan soydaşlarımızın ifasında rəqs nümunələrimiz də təqdim olunub.