Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Orta ixtisas musiqi məktəb-studiyası növbəti uğurunu qeyd etdi.  Dekabrın 7-də tədris ocağının nəzəriyyə müəllimi Esmeralda Cəbrayılın ərsəyə gətirdiyi “Azərbaycan xalq mahnıları. Fortepiano üçün işləmələr” kitabı kollektivin iştirakı ilə təqdim olundu.

Müəllif tədbirin əvvəlində xalq musiqisindən ilhamlanaraq işlədiyi nümunələrin nəşr olunmasında ona dəstək olan məktəb-studiyanın direktoru Sevda Məmmədovaya və həmkarlarına təşəkkürünü bildirdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova xalq mahnı işləmələrinin əhəmiyyətindən söz açaraq bu ənənənin XX əsrin əvvəllərindən dahi Üzeyir Hacıbəyli tərəfindən başlaması və onun tövsiyəsi ilə görkəmli bəstəkarlarımızın yaradıcılığında davam etməsini diqqətə çatdırdı. Ü.Hacıbəylinin “Əgər biz hal-hazırda mövcud olan, yaddaşlarda yaşayan mahnılarımızı cəmləsək, yüzlərlə el havalarını unudulmaq təhlükəsindən qurtara bilərik” fikrini xatırlatdı. Məktəb-studiyanın yaradıcısı mərhum professor Tərlan Seyidovun təşəbbüsü ilə tədris ocağının proqramında Azərbaycan xalq musiqisinin hərtərəfli yer aldığı qeyd edildi.

Konsert proqramında məcmuəyə daxil olan əsərlər məktəb-studiyanın müəllim və şagirdləri tərəfindən ifa olundu.

Əməkdar müəllim Nərgiz Mansurovanın 11-ci sinif şagirdləri – beynəlxalq müsabiqələr laureatları Şəhla Yusibova “Qubanın ağ alması” (fuqa), Solmaz Əliyeva “Ağacdan alma” (tokkata) nümunələri ilə çıxış etdilər. Sevda Məmmədovanın yetirməsi – 4-cü sinif şagirdi Mikayıl Qasımov “Qalanın dibində” (kiçik rondo), Nuranə Zeynalovanın 2-ci sinif şagirdi Məryəm İsmayılova “Bəri bax” (yumoreska), Esmeralda Cəbrayılın şagirdləri – Aylin Məmmədova “Laçın” (elegiya), Məryəm Vəzirova “Sarı gəlin” xalq mahnısı işləməsini təqdim etdilər.

Müəllimlərdən beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Nuranə Zeynalova “Ağacdan alma” (menuet), beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli “Almanı atdım xarala” (skertso), Esmeralda Cəbrayıl “Küçələrə su səpmişəm” (prelüdiya) işləmələrini ifa etdilər.

Müəllifi təbrik edənlər arasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Turan Məmmədəliyeva onun pedaqoji ustalığından söz açaraq kitabın kiçik pianoçular üçün bir töhfə olduğunu vurğuladı.

Pianoçuların hər birinin çıxışında miniatürlərin fərqli xarakteri öz təfsirini tapdı. Bu əsərlərin onların repertuarında əsaslı yer tutması artıq hiss olunurdu. Dinləyicilər xalq melodiyalarının müxtəlif dövrlərin klassik janrlarında təcəssümünü rəğbətlə qarşıladılar.

Tədbirin sonuna doğru sürpriz ifalar səsləndi. Məktəb-studiyanın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və Nuranə Zeynalova “Elə demə, zalım yar” əsərinin vals ruhunda ansambl işləməsini təqdim etdilər. Əsərin  dolğun akkordlarda həmahəng ifası alqışlarla qarşılandı.

Konsert proqramında məktəb-studiyanın müəllimləri Ofeliya Axundova və Vəfa Həmidovanın ifasında 7 xalq mahnısından ibarət təqdimat da dinləyicilərə zövq yaşatdı. V.Həmidovanın milli musiqi incilərimizi yüksək duyğu ilə ifası və bu ifadan ilhamlanan O.Axundovanın improvizasiyalı müşayiətində bədahətən yaranan yeni harmoniya nümunələrini eşitmək hər kəsə xoş əhval bəxş etdi.

Tutu Hüseynova
musiqişünas