Olaylar, faktlar (15–19 dekabr)
130 il əvvəl...
15 dekabr 1893-cü ildə danimarkalı alim Vilhelm Tomsen Orxon-Yenisey daş kitabələrindəki şifrləri açması və oradakı yazıları oxuması ilə bağlı Danimarka Kral Akademiyasında məruzə edib. Alimin qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi dünya elminə dəyərli töhfə idi. Bu əlamətdar tarixin yaşadılması üçün türkdilli ölkələr tərəfindən UNESCO-ya 15 dekabrın Beynəlxalq Türk Dili Günü elan olunması barədə müraciət edilib.
77 il əvvəl...
17 dekabr 1946-cı ildə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulmuş Milli Hökuməti devirən İran silahlı qüvvələri Təbriz, Ərdəbil, Urmiya, Mərənd və digər şəhərlərdə kütləvi həbs və qırğınlar həyata keçiriblər. Cənubi Azərbaycan türklərinin mühacir təşkilatları 17 dekabrı “Güney Azərbaycanda milli soyqırımı günü” kimi qeyd edirlər.
69 il əvvəl...
19 dekabr 1954-cü ildə Parisdə Avropa Şurası ölkələrinin hökumət başçıları tərəfindən “Avropa mədəniyyət Konvensiyası” imzalanıb. Bu, Avropada inteqrasiya proseslərinə təkan verən ilk sənədlərdən biridir. Konvensiya üzv ölkələrin parlamentlərində ratifikasiyadan sonra 5 may 1955-ci ildə qüvvəyə minib.
37 il əvvəl...
16 dekabr 1986-cı ildə Qazaxıstanda siyasi səciyyəli ilk kütləvi antisovet çıxışı olub. Moskva tərəfindən Qazaxıstan KP MK-nın birinci katibi vəzifəsinə rus Q.Kolbinin təyin edilməsi Almatıda tələbələrin kütləvi aksiyasını doğurub. Aksiyalar üç gün sürüb və hərbi qüvvə tətbiqi ilə yatırılıb. Qazaxıstan müstəqilliyini elan edəndən sonra 16 dekabr Milli Dirçəliş Günü kimi qeyd edilir.
34 il əvvəl...
16 dekabr 1989-cu ildə Rumıniyanın macarlar yaşayan Timişoare şəhərində Nikolae Çauşeskunun kommunist diktaturasına üsyan başlayıb. Çauşesku etirazları yatırmaq üçün qoşun hissələri göndərdi, yüzlərlə insan həlak oldu. Lakin inqilabı yatırmaq mümkün olmadı və bir həftə içində Çauşesku rejimi süqut etdi. 25 dekabrda o, həyat yoldaşı Yelene Çauşesku ilə birlikdə edam edildi.
32 il əvvəl...
16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Ali Sovetinə müraciət edib. Dekabrın 25-də parlament 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qanun qəbul etdi.
26 il əvvəl...
18 dekabr 1997-ci ildə Prezident Heydər Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalayıb. Fərmanda 100 minə yaxın azərbaycanlının ata-baba yurdlarından deportasiyasına dair SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarına siyasi qiymət verilir, bu deportasiya aktlarının XIX əsrin əvvəlindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirilmiş təqib və soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanırdı.
20 il əvvəl...
15 dekabr 2003-cü ildə Azərbaycan xalqı Heydər Əliyevlə vidalaşıb. Dəfn mərasimində Türkiyə, Rusiya, Qazaxıstan və Ukrayna prezidentləri, Gürcüstanın dövlət rəhbərliyi, digər ölkələrdən nümayəndə heyətləri iştirak edib. Heydər Əliyev Fəxri xiyabanda dəfn olunub.
Hazırladı: V.Orxan