Elmi-praktik konfransda müzakirə olunub
Dekabrın 14-də Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Ağdamda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Qarabağ və Şərqi Zəngəzur bölgəsində turizm potensialı və mövcud resurslardan səmərəli istifadə, eləcə də sektorun sürətli inkişafı üçün təkliflərin müzakirə olunması məqsədilə təşkil olunan konfransda dövlət orqanlarının nümayəndələri, investorlar, turizm sənayesinin təmsilçiləri və sahə üzrə təhsil alan tələbələr iştirak ediblər.
DTA sədrinin müavini Azadə Hüseynova işğaldan azad edilən bölgələrdə qurulan yeni turizm infrastrukturu haqqında məlumat verib. Xocavəndin Tuğ kəndi və Hadrut qəsəbəsi, Şuşanın Daşaltı kəndində turizm infrastrukturunun yaradılması üçün inkişaf konsepsiyaları üzrə layihələndirmə işlərinin aparıldığı diqqətə çatdırılıb. Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması, Şuşaya turist səfərlərindən söz açan A.Hüseynova bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev çıxış edərək Ağdamda və digər ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, turizmin bölgənin bərpasında əsas sahələrdən biri olacağını deyib.
Sonra postkonflikt dövründə turizmin inkişafı üzrə ən yaxşı təcrübələr, təbliğat işlərinin gücləndirilməsi mövzusu ilə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizmin inkişafı və bərpa istiqamətləri, mövcud potensialın səmərəli istifadəsi mövzusu ilə isə Dövlət Turizm Agentliyinin Regional turizm və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov çıxış ediblər.
“İşğaldan azad edilmiş ərazilərin investisiya mühitinin turizm aspektləri: mövcud çağırışlar və imkanlar” adlı panel və “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına elmi baxış” adlı sessiya keçirilib. Sessiyada Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Xəzər Universitetindən olan turizm ixtisası üzrə təhsil alan tələbə qrupları mövzu ilə bağlı layihələrini təqdim ediblər.
Həmçinin “İşğaldan azad edilmiş ərazilərdə turizm xidmətləri infrastrukturunun genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması” mövzusunda dəyirmi masa təşkil olunub.