Avropa hər zaman bizim indi tanıdığımız Avropa kimi olmayıb ki… Yəni oralarda da cəmiyyətin əxlaq normalarına, əxlaqi simasına kölgə düşənlərə münasibət bugünkütək loyal olmayıb. Özü də təkcə cəmiyyətdə yox, hətta ədəbiyyatda belə.
Elə o yerdən başlayaq ki, 1848-ci ildə Aleksandr Düma (oğul) “Kameliyalı qadın” romanını çap etdirdi. Müəllif romanın uğurunu görəndən sonra nəsr əsərinin motivləri əsasında pyes yazaraq onu teatra təqdim etdi ki, “Kameliyalı qadın” öz yaşantılarını səhnədən də bölüşsün. Amma… Dörd il ərzində senzura bu əsərin tamaşaya qoyulmasına icazə vermədi. Çünki yolunu azmış qadın səhnədə müsbət baş qəhrəman ola bilməzdi: bu təkcə teatrın deyil, həm də müəllifin adına ləkə gətirərdi. Yalnız 1852-ci ildə “Kameliyalı qadın” səhnəyə çıxdı və öz müəllifinə görünməmiş şöhrət gətirərək bütün Parisi çaxnaşmaya saldı. Çünki Aleksandr Düma öz qəhrəmanı kurtizanka Violetta Valerinin həyat tərzini vəsf etməmişdi, gözəl və ağıllı oyuncağa çevrilmiş qadının düşdüyü həyat oyununda uduzmağından bəhs etmişdi ki, bu da insan qəlbini titrətməyə bilməzdi.
Həmin il Parisdə yaşayan Cüzeppe Verdi də tamaşaya baxır və yeni opera yazmaq fikrinə düşür. O artıq “Riqoletto” və “Trubadur” operalarının müəllifi idi. Tanınmış bəstəkarın yeni operası da, adıçəkilən iki əsərdəki kimi, cəmiyyətin üz döndərdiyi insanı baş qəhrəman olaraq təqdim edib, sənətin, musiqinin qüdrəti ilə tamaşaçıları düşündürəcəkdi.
Beləcə, Cüzeppe Verdinin cəsarəti, istedadı və uzaqgörənliyi sayəsində 170 ildir “Traviata” (italyan dilində “la traviata” yolunu azmış qadın deməkdir) dünyanın opera teatrlarının repertuarındadır, bütün soprano və tenorlar bir gün səhnəyə Violetta Valeri və Alfred Jermon kimi çıxmağı arzulayırlar.
Elə dekabrın 17-də Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalı çərçivəsində oynanılan “Traviata” da bu gözəl səhnə əsərinin 170 illik yubileyinə həsr olunmuşdu.
“Traviata” operasını izləməyə gələn hər bir sənətsevər mükəmməl musiqi ilə yanaşı, gözəl ifalar, güclü səslər dinləməkdən zövq almaq niyyətindədir. Hələ doxsanıncı illərdən bəri Xalq artisti Cənnət Səlimovanın quruluşunda tamaşaya qoyulmuş bu operanın afişası həmişə tamaşa salonunu doldurur. Dəxli yoxdur, tamaşada dəvətli solist çıxış edəcək, yoxsa öz solistlərimiz: “Traviata”nın pərəstişkarları həmişə çoxdur. Üstəlik, bilirlər ki, Xalq artisti Cavanşir Cəfərovun idarə etdiyi orkestr, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın hazırlaşdırdığı xor da tamaşanın uğurunu təmin edəcək.
Solistlərə gəlincə, əsas partiyaların ifaçıları – Əməkdar artistlər İnarə Babayeva (Violetta Valeri) və Ramil Qasımov (Alfred Jermon), eləcə də Cahangir Qurbanov (Jorj Jermon) və Səbinə Vahabzadə (Flora Bervua) tamaşanın ideyasını oynadıqları obrazların davranışına haqq qazandıraraq çatdıra bildilər. Xalq artisti Əkrəm Poladovun ifa etdiyi həkim Qrenvill, Əməkdar artist Tural Ağasıyevə həvalə edilmiş Qaston səhnədə çox görünməsələr də, onların çıxışı tamaşanın uğurunu təmin edən məqamlardan idi. Teatrın iki cavan solisti – Nina Makarova (Anina) və Mahir Tağızadənin (Baron) həcmcə kiçik, lakin Violettanın taleyində mənaca böyük olan partiyaların öhdəsindən layiqincə gəlişi tamaşaçıda elə bir təəssürat oyatdı ki, onların adı tezliklə yeni quruluşların afişalarında üst sıralarda yazılacaq.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının budəfəki “Traviata”sı da operasevərlərin ürəyincə oldu. Çünki musiqinin sehri, sənətin gücü əsər qəhrəmanının həyat yolundakı büdrəmələri sığallamağa qabildir...
Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalından təəssüratımızı bölüşməyə davam edəcəyik...
Gülcahan Mirməmməd