Yuli Qusmanın doğma şəhərdə 80 illik yubiley gecəsi
Yubileylər həmişə uyğun ab-havada qeyd olunur. Təkcə adının özlüyündə bir çox mətləbləri əks etdirən bir insanın yubileyindən söhbət getdikdə isə, burada daha möhtəşəm tədbirin olacağına hazırlaşmaq lazımdır.
Dekabrın 19-da Akademik Musiqili Teatrda Azərbaycanın Xalq artisti, Rusiyanın Əməkdar incəsənət xadimi, ötən əsrin 60-cı illərinin ŞHK komandasının əfsanəvi kapitanı Yuli Solomonoviç Qusmanın tamaşaçılar tərəfindən ayaq üstə alqışlandığı tədbir də bu qəbildən idi. O, uzun onilliklərdən sonra yenidən 1976–1984-cü illərdə bədii rəhbəri olduğu teatrın səhnəsinə qalxdı.
Təəccüblü deyil ki, məhz burada – Yuli Solomonoviçin bir vaxtlar çalışdığı doğma teatrın səhnəsində indi “Qorxma, biz səninləyik!” tamaşa-konserti nümayiş etdirilir. Tamaşanın əsasını da yubilyarın quruluş müəllifi olduğu məşhur film təşkil edib.
Tamaşanın ideya müəllifi yubilyarın qardaşı, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, bədii rəhbəri teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
42 il əvvəl çəkilmiş “Qorxma, mən səninləyəm!” filmi qısa müddətdə milyonlarla tamaşaçının sevimli ekran əsərinə çevrilmişdi. Özü də təkcə çoxlu tryukların olduğu zəngin süjet xəttinə görə deyil. Rejissor çox gözəl aktyor heyəti seçmiş, ekranda cəlbedici macəra, bu gün deyildiyi kimi, Azərbaycan milli koloriti olan müzikl ərsəyə gətirmişdi. Bütün bunları o vaxt 36 yaşı olan bəstəkar Polad Bülbüloğlunun film üçün yazdığı parlaq musiqilər müşayiət edib.
Tamaşa-konsertin əsasında da musiqili filmin necə yaradılması və lentə alınması prosesi əks olunub. Librettonun müəllifi qismində Yelena İsayeva və həm də tamaşanın quruluşçu rejissoru olan Cavid İmamverdiyev çıxış ediblər.
Hadisələrin necə cərəyan etməsi, çəkiliş prosesindən əvvəl baş verənlər tamaşaçılar üçün maraqlı olub. Bu barədə Emil Heydərovun səhnədə obrazını canlandırdığı Yuli Qusmanın özü bəhs edir.
Yeri gəlmişkən, tamaşada həmin dövrün bir çox məşhurları iştirak ediblər. Filmdə baş rolu oynamış Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşa zalından özünü müşahidə edib. Xalq artisti Həmidə Ömərova da səhnədə özü ilə görüşüb. Tamaşada mərhum Lev Durov, Muxtarbek Kantemirov və Mirzə Babayevin obrazları da olub. “Mühəndis Petrov”un – Xalq artisti Aleksandr Şarovskinin səhnəyə qalxdığı vaxt filmin epizodu tamamilə teatr təcəssümü alıb.
Səhnəyə çıxan məşhur aktyorlar təkcə yubilyarı təbrik etmək və ona öz sevgilərini çatdırmaqla kifayətlənməyiblər. Onlar həm də filmlə bağlı xatirələrini, eyni zamanda uzun illər əvvəl Yuli Qusmanla şəxsi görüşləri barədə təəssüratlarını bölüşüblər. Tamaşa-konsertdə Xalq artisti Sərxan Sərxan da çıxış edib. Yuli Solomonoviçi təbrik edənlər arasında tanınmış karateçilər Yaşar Bəşirov və Rafael Ağayev də olublar. Onlar tamaşaçılara xatırladıblar ki, Yuli Qusman o vaxtlar öz filmi ilə milli karate məktəbinin əsasını qoyub. Bu səbəbdən ona ikinci qara kəmər və yeddinci dan diplomu təqdim edilib. Filmdə Mərdan rolunu oynamış Cahangir Novruzov da videotəbrik göndərib.
“Qorxma, biz səninləyik!” tamaşasının süjeti “Qorxma, mən səninləyəm!” filminin ayrı-ayrı səhnələri ilə çulğaşırdı. Qusman-Heydərovun yumoru zalda xoş gülüş sədaları ilə müşayiət olunurdu və tədbirin baş qəhrəmanının – Yuli Solomonoviçin səhnəyə gəlişini hazırlayırdı. Hamıya tanış olan səsi eşidən tamaşaçı zalı nəfəsini tutaraq taleyini əbədi olaraq Bakı ilə bağlamış insanın minnətdarlıq dolu sözlərini dinləyib. Yubilyar da doğma şəhərə sevgisini ifadə edib və bildirib ki, Bakı indi daha gözəl və möhtəşəm olub. Məşhur bakılı yubiley tamasasına görə məxsusi olaraq Heydər Əliyev Fonduna, Azərbaycan Mədəniyyət Nazirliyinə və kiçik qardaşına təşəkkür edib. O da böyük qardaşın xahişi ilə səhnəyə qalxıb və təbrik sözlərini – onun bütün həyatını əhatə edən filmlə bağlı heyrətamiz təəssüratını bölüşüb.
Tamaşanın sonunda yubilyarın dostu Polad Bülbüloğlu təbriklərini çatdırmaqla yanaşı, filmin ən parlaq kompozisiyalarından birini – Yuli Qusmanın da həyatı ilə səsləşən, özünəməxsus himnə çevrilmiş “Biz mübarizə edərək necə yaşadıq” mahnısını ifa edib.
Qeyd edək ki, tamaşada Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Şövqi Hüseynov və Fərid Əliyev, aktyorlar Rauf Babayev, Nicat Əli, xor artistləri və teatrın balet truppası iştirak edib. Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu xormeyster Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeyster Əməkdar artist Emin Əliyev, qrim üzrə rəssam Aybəniz Hüseynova, rejissor assistenti Tamilla Aslanovadır.
Premyeradan sonra daha iki gün – 20-21 dekabr tarixlərində də nümayiş olunan “Qorxma, biz səninləyik!” tamaşası yəqin ki, teatrın daimi repertuarında da yerini alacaq.